Aprelin 9-da İsveçdə yaşayan azərbaycanlılar Stokholmun Sergels Torq meydanında son günlər Ermənistan ordusu tərəfindən atəşkəsin pozulması və cəbhədə törətdikləri hərbi təxribatlara etiraz etmək məqsədi ilə mitinq keçiriblər.
 
Unikal.org Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadən xəbər verir ki, aksiyada iştirak edən Azərbaycan, türk və uyğur diaspor təşkilatları nümayəndələrinin sayı 250-dən çox olub.
 
Çıxış edənlər son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını, Azərbaycan qoşunları ilə təmas xəttində təxribatçı cəhdlərin törədilməsini və dinc əhalinin öldürülməsini qəti şəkildə pisləyiblər.
 
Mitinqdə Ermənistan dövlətindən Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etmək tələb edilib.
 
Aksiyanın sonunda iştirakçılar tərəfindən qəbul edilmiş bəyanat İsveç Parlamentinə təqdim edilib və poçtla Ermənistanın İsveçdəki səfirliyinə göndərilib.