Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda investisiyanın təşviqi sənədini almış şəxslər və fərdi sahibkarlar tərəfindən ölkəyə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular əlavə dəyər vergisi və gömrük rüsumlarından azad olunub. 2016-2020-cı illərdə Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi ilə əlaqədar malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizi və mal mövqelərinə tətbiq olunacaq əmsallara uyğun dövlət büdcəsindən əlavə vəsaitin sahibkarlara ödənilməsi kimi tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasında sahibkarlığın inkişaf strategiyasının nəinki ölkəmizin iqtisadi tərəqqisində xüsusi rola malik göstəricisidir, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin inkişafında nümunəyə çevrilir.
Unikal.org xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. Komitə sədri çıxışına belə davam edib:
"Möhtərəm cənab Prezident. Qeyd olunan prinsiplərə əsaslanaraq ölkəmizdə həyata keçirilən idxal-ixrac əməliyyatlarının aparılmasında şəffaflığın tam təmin olunması, xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən ölkə ərazisinə idxal olunan malların gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi, bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulu, gömrük nəzarətinin səmərəliliyini artırmaq məqsədi ilə gömrük sistemində müasir texnologiya və avadanlıqlardan istifadə etməklə, gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin təkmilləşdirilməsi, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılması ilə əlaqədar "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli Sərəncamından irəli gələn tapşırıqların icrasına başlanılıb.
Sərəncamın müvafiq bəndlərinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 7 mart tarixli müvafiq Sərəncamına əsasən Dövlət Gömrük Komitəsi tərəfindən baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid olan malların, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodları göstərilməklə vahid siyahısı işlənərək tərtib edilib, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinə göndərilib. Siyahıların hazırlanmasında sadələşdirilmə prinsipi nəzərdə tutulub, beynəlxalq təcrübə nəzərə alınıb.
Qısa idxal bəyannaməsi və ona əlavə olunmuş baytarlıq, fitosanitar, gigiyenik və ya digər sertifikatların və mülki dövriyyəyə verilən xüsusi icazənin əvvəlcədən yoxlanması və gömrük ərazisinə buraxılışını tənzimləyən prosedur qaydaları müəyyən edilir və qaydalara uyğun olaraq qısa idxal bəyannamələrinin elektron qaydada təqdim edilməsi ilə əlaqədar "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi həyata keçiriləcək. Sərəncama əsasən, başqa ölkələrin gömrük orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi işinin təşkili məqsədilə bir sıra ölkələrlə müqavilələr imzalanıb və bu proses davam etdirilir.
Aprel ayının 4-dən etibarən malların və nəqliyyat vasitələrinin elektron qaydada bəyannaməsinin təqdim edilməsinin pilot layihəsinə başlanılıb, may ayının əvvəlində isə bütün gömrük orqanlarında bəyannamənin elektron formada qəbuluna keçiləcək.
Eyni zamanda, biznes nümayəndələrinin məlumatlandırılması məqsədilə görüşlər də keçirilir. Belə ki, 2016-cı il martın 14-də Amerika Birləşmiş Ştatlarının Azərbaycanda Ticarət Palatasının, martın 30-da isə Türk İş Adamları Birliyinin (TUSİAB) nümayəndələri ilə görüşlər keçirilib, gömrük qanunvericiliyi, gömrük rəsmiləşdirilməsi, gömrük bəyannaməsinin tətbiq edilməsi məsələləri barədə işgüzar müzakirələr aparılıb.
Sərəncamın icrası ilə əlaqədar Azərbaycan Prezidentinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihəsi hazırlanıb və razılaşdırılması üçün Daxili İşlər və Ədliyyə nazirliklərinə, Dövlət Sərhəd və Dövlət Miqrasiya xidmətlərinə təqdim edilib.
Sərəncama əsasən, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 244.2-ci maddəsinə uyğun olaraq, gömrük borcu üzrə ödənişlərin həyata keçirilməsi məqsədilə gömrük sərhəd-buraxılış məntəqələrində poçt şöbələrinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin nümayəndəsi də daxil olmaqla işçi qrupu yaradılıb və qısa zamanda gömrük sərhəd buraxılış məntəqələrində poçt şöbələrinin fəaliyyəti üçün əlverişli şərait yaradılacaq.
"Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Qanununa əsasən Dövlət Gömrük Komitəsi üçün ötən illə müqayisədə 20 faiz artımla 1 milyard 810 milyon manat büdcə öhdəliyi nəzərdə tutulub. 2016-cı ilin ilk üç ayı ərzində idxalın həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faizə qədər azalmasına baxmayaraq, bu müddət üçün proqnozlaşdırılan 363 milyon 260 min manat büdcə öhdəliyinə qarşı faktiki olaraq 416 milyon 920 min manat məbləğdə gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub. Proqnoza 114,77 faiz, yaxud 53 milyon 660 min manat artıqlaması ilə əməl edilib, ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə 75 milyondan artıq vəsait köçürülüb.
2016-cı ilin birinci rübü ərzində qaçaqmalçılığa qarşı mübarizə tədbirləri gücləndirilib, 468,7 kiloqramı heroin olmaqla, ümumi çəkisi 474,6 kiloqram olan narkotik vasitə, psixotrop maddə və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.
Hesabat dövründə gömrük qaydaları əleyhinə 2177 inzibati xəta faktı üzrə 92 hüquqi şəxs, 2088 fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib və onlara qarşı 170 min manat cərimə tətbiq olunub.
"Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununun və digər qanunvericilik aktlarının tələblərini pozan şəxslərdən 391 min ABŞ dolları, 27,5 milyon rus rublu, 133 min manat, 224 min manat dəyərində 5,5 kiloqramdan artıq qızıl aşkar olunub. Hesabat dövründə beynəlxalq iqtisadi münasibətlərin inkişaf etdirilməsi də prioritet məsələlərdən biri olub".