Egey dənizində daha bir mühacir gəmisi batıb.
Unikal.org-un Anspress-ə istinadən məlumatına görə, hadisə mühacirlər Türkiyədən Yunanıstanın Samos adasında keçməyə çalışarkən baş verib.
Gəminin batması nəticəsində 4 qadın, bir azyaşlı uşaq ölüb. 4 nəfər itkin hesab olunur. Digər 5 nəfəri isə xilas etmək mümkün olub.
Bu, Türkiyə ilə Avropa Birliyi arasında mühacir böhranına dair əldə olunan razılaşmadan sonra ölüm ilə nəticələnən ilk hadisədir.
Həftə ərzində mühacirlərin Avropadan Türkiyəyə qaytarılması prosesi fasilələrlə davam edib. İndiyə qədər 300-dən çox mühacir geri qaytarılıb. Beynəlxalq insan haqları təşkilatları prosesi tənqid edirlər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropaya xəbərdarlıq etmiş, rəsmi Brüsseli mühacir böhranı ilə əlaqədar əldə olunan razılığa əməl etməyə çağırmışdı.
Razılaşmaya əsasən, geri qaytarılan hər bir mühacirə görə Türkiyədə olan bir mühacir Avropada yerləşdiriləcək.
Bu məqsədlə Ankaraya 3.3 milyard dollar məbləğində maliyyə vəsaitinin ayrılması da nəzərdə tutulur.
Mühacirlərin geri qaytarılması müqabilində Brüssel Türkiyənin Avropa Birliyinə üzvlüyü barədə yeni danışıqlar səhifəsinin açılmasına da vəd verib.