"Azərbaycan siyasi rəhbərliyi buna razı olmadı və olmayacaq".
Unikal.org xəbər verir ki, politoloq Zərdüşt Əlizadə Moderator.az-a açıqlamasında Rusiyanın baş naziri Dmitri Medvedevin Bakı səfərini şərh edib. Ekspertin sözlərinə görə, Medvedevin səfərində əsas məqsəd münaqişə bölgəsində Rusiyanın təsir gücünü artırmaq, habelə Azərbaycanı Qarabağda rus sülhməramlılarının yerləşdirilməsinə razı salmaq olub:
"Medvedevin səfərində birinci məqsəd Rusiyanın bütün dünyaya sülhprəvər dövlət olduğunu sübut etməkdir. İkinci məqsəd isə münaqişəni həll etmədən münaqişə bölgəsində Rusiyanın mövcudluğunu və təsir gücünü artırmaqdır. Qarabağda rus sülhməramlılarının yerləşdirilməsi məsələsi də Rusiyanın əsas məqsədlərindən biridir. Hansı ki, bu vaxta qədər buna həm Ermənistan, həm də Azərbaycan etiraz edirdi. Lakin 2-4 aprel əməliyyatından sonra Serj Sərkisyan rus sülhməramlılarının Qarabağa gəlməsinə razılıq verdi. Lakin Qarabağ rəsmi şəkildə Azərbaycan ərazisidir. Bunun üçün Azərbaycanın razılığı tələb olunur. Sözdə atəşkəsdən danışılsa da Kreml rus qarmağını Azərbaycanın qabırğasına daha dərindən keçirmək üçün rus hərbçilərinin ən azından Laçın və Kəlbəcərdə yerləşdirilməsini istəyir. Hesab edirəm ki, Azərbaycan siyasi rəhbərliyi buna razı olmadı və olmayacaq".