Ermənilər qardaşımın gözlərini oymuş, burun və qulaqlarını kəsmişdilər.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bu sözləri hüquq professoru və politoloq Fərhad Mehdiyev erməni vəhşiliyi ilə bağlı danışarkən qeyd edib. O bildirib ki, 1992-ci ildə qardaşı Qarabağ döyüşlərində şəhid olub:
 
"Bütün soydaşlarımız bilir ki, ermənilərə nifrətim sonsuzdur. Məni yaxşı başa düşməyiniz üçün, istəmədən də olsa, deyirəm: qardaşım mərd döyüşçü, kəşfiyyatçı olub. Onların kəşfiyyat dəstəsindən ermənilər çox qan ağlayıb. Qardaşım erməni işğalı altında olan torpaqda 1992-ci ildə şəhid oldu və nəşi orda qaldı. Ermənilər onun gözlərini oymuş, burun və qulaqlarını kəsmişdilər…"
 
Politoloq bütün bunlara rəğmən, bu vandalizmə qarşı olduğunu bildirib:
 
"Bunun adı vandalizmdir. Ermənilər xırda, səviyyəsiz, mədəniyyətsiz bir xalqdır. Avropalıların bir-biri ilə müharibələrinə baxsanız, zabit şərəfi, zabit sözü, hərbçi şərəfi kimi məsələləri müşahidə edərsiniz. Əsir düşmüş düşmənə işgəncə verilməz, aşağılanmaz. Onu əsir düşmədən əvvəl öldürə bilərsiniz. Amma əsir düşəndən sonra, ona qarşı sərt olsa da, yenə insan kimi davranılmalıdır.
 
Meyitlərə gəldikdə, bu məsələni 1949-cu ildə bağlanan 4 konvensiyadan biri tənzimləyir. Meyitlər üzərində təhqiredici hərəkətlər eləmək olmaz. Zatən onun hesabı Allaha qalıb. Bizim işimiz düşməni zərərsiz hala gətirməkdir".
 
Politoloq Xocalıda erməni vandalizmini də xatırladıb və Xocalı şəhidlərinin nəşi üzərində ermənilərin təhqiramiz hərəkətlərini, insanlığa sığmayan əməllərini vurğulayıb, sosial şəbəkə istifadəçilərinin bu dəhşətə layiq qisas hisslərini anladığını bildirib:
 
"Ancaq onlar heyvanlıq ediblər və bu onların zülmü və vəhşiliyidir. Biz isə öz ədalətimizi, mədəniyyətimizi hər zaman göstərməliyik. Biz mədəni xalq olmağımızdan üz çevirə bilmərik".