Azərbaycanda sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydaların tətbiqi gündəmə gəlib. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Yeni sənəd sosial şəbəkə qlobal nəhənglərinin (Meta, TikTok, Google və s.) Azərbaycandakı fəaliyyətini leqallaşdırmaqla yanaşı, istifadəçilər üçün ciddi yaş senzinin tətbiqini nəzərdə tutur. Qanun layihəsinin ən çox müzakirə edilən bəndi yeniyetmələrin sosial platformalardakı fəaliyyətinin məhdudlaşdırılması ilə bağlıdır.

Birinci məqam sosial şəbəkələrdə qeydiyyatla bağlı tələbləri əks etdirir. 

Belə ki, Azərbaycanda 16 yaşı tamam olmamış şəxslərin sosial şəbəkələrdə fərdi rəqəmsal hesab (profil) yaratmasına rəsmi olaraq yol verilməyəcək. Digər təklif, mütəmadi təhlil və davranış monitorinqi ilə bağlıdır. Yəni, provayderlər (sosial şəbəkə platformaları) istifadəçilərin profildəki davranışlarını, yazışma və maraq dairələrini mütəmadi olaraq alqoritmlər vasitəsilə təhlil etməyə borclu olacaqlar.

Həmçinin təklifdə təkrar yaş yoxlanılması (Age Verification) da var. Əgər istifadəçinin sistemə daxil etdiyi rəsmi yaşı ilə real davranışı arasında ziddiyyət yaranarsa (əsaslı şübhələr doğurarsa), platforma həmin şəxsdən təkrar yaş təsdiqi tələb etməlidir.
Bunlarla yanaşı, dərhal bloklanma təklifi də irəli sürülür. Yaş tələbinin pozulması (yəni istifadəçinin əslində 16 yaşdan kiçik olması) aşkar edildiyi an, həmin hesaba giriş dərhal məhdudlaşdırılacaq.

Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Belə ki, sənəddə rəqəmsallaşmanın sürətlənməsi fonunda sosial şəbəkələrin uşaqların həyatında artan rolunun yaratdığı risklərə diqqət çəkilir və onların psixoloji rifahı ilə təhlükəsizliyinin qorunmasının vacibliyi vurğulanır.

Sərəncama əsasən, sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi, valideyn nəzarətinin gücləndirilməsi və platformadaxili təhlükəsizlik mexanizmlərinin yaradılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Bundan əlavə, təhsil proqramlarına rəqəmsal savadlılıq və kibertəhlükəsizlik mövzularının daxil edilməsi, valideynlər və müəllimlər üçün maarifləndirmə işlərinin genişləndirilməsi planlaşdırılır. 

Azərbaycanda da azyaşlıların sosial şəbəkələrdə həddindən artıq vaxt keçirməsi, yaşlarına uyğun olmayan məzmunla qarşılaşması, onlayn oyunlar və virtual tanışlıqlar vasitəsilə risk altına düşməsi artıq açıq şəkildə müşahidə olunur. Valideyn nəzarətinin zəifliyi və hüquqi mexanizmlərin yetərincə tənzimlənməməsi bu riskləri daha da dərinləşdirir.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva “Unikal” qəzetinə müsahibəsində bildirib ki,  Azərbaycanda sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydaların tətbiqinin gündəmə gətirilməsi informasiya təhlükəsizliyi və uşaqların müdafiəsi sahəsində atılan mühüm addımlardan biridir. Onun sözlərinə görə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklər bir tərəfdən qlobal sosial media platformalarının ölkədə fəaliyyətinin hüquqi çərçivəsini müəyyənləşdirir, digər tərəfdən isə uşaqların və yeniyetmələrin zərərli məzmundan qorunmasına xidmət edir.

Jalə Əliyeva: “Biz qayıdacağıq” dedik və qayıtdıq - AZƏRTAC

“Müasir dövrdə internet və sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla yanaşı, rəqəmsal mühitdə uşaqların qarşılaşdığı risklər də artmaqdadır. Kiberzorakılıq, psixoloji təsir yaradan məzmunlar, zorakılığın təbliği, qumar və narkotik vasitələrin reklamı, eləcə də yaş həddinə uyğun olmayan görüntülər uşaqların fiziki və mənəvi inkişafına ciddi mənfi təsir göstərə bilər.

Bu baxımdan sosial şəbəkələrdə yaş senzinin tətbiqi beynəlxalq təcrübəyə uyğun və zəruri addım hesab edilə bilər. Dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaqların rəqəmsal mühitdə qorunması məqsədilə müxtəlif məhdudiyyətlər tətbiq olunur. Azərbaycanın da bu istiqamətdə qanunvericilik bazasını təkmilləşdirməsi dövlətin uşaqların təhlükəsizliyinə verdiyi önəmin göstəricisidir.

Təklif olunan dəyişikliklərin digər mühüm tərəfi isə qlobal texnologiya şirkətlərinin ölkə qanunvericiliyinə uyğun fəaliyyət göstərməsinə şərait yaratmasıdır. Bu, qanunsuz və zərərli məzmunlarla mübarizəni daha effektiv edə, vətəndaş müraciətlərinə operativ baxılmasını təmin edə və platformaların sosial məsuliyyətini artırmağa xidmət edə bilər.

Məsələyə yalnız qadağalar prizmasından deyil, həm də maarifləndirmə baxımından yanaşmaq vacibdir. Uşaqların təhlükəsiz internet istifadəsi üçün ailə, məktəb və dövlət qurumları arasında koordinasiyalı əməkdaşlıq mühüm əhəmiyyət daşıyır”, deyə müsahibimiz bildirib. Deputat əlavə edib ki, rəqəmsal savadlılığın artırılması uşaqların internetdə qarşılaşdıqları riskləri daha yaxşı dərk etmələrinə kömək edə bilər:” Bunun üçün məktəblərdə rəqəmsal təhlükəsizlik və media savadlılığı üzrə xüsusi dərslərin təşkili, valideynlər üçün sosial şəbəkələrdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirici proqramların həyata keçirilməsi, uşaqlar üçün nəzərdə tutulmuş platformalarda gücləndirilmiş valideyn nəzarəti mexanizmlərinin tətbiqi, zərərli məzmunların aşkarlanması və silinməsi prosesində süni intellekt texnologiyalarından istifadənin genişləndirilməsi, sosial media şirkətlərinin  məsuliyyət mexanizmlərinin gücləndirilməsi və s. kimi addımların atılması vacibdir. 

Bir daha qeyd etmək yerinə düşər ki, sosial şəbəkələrdən istifadə qaydalarının təkmilləşdirilməsi və yaş senzinin tətbiqi uşaqların informasiya təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Ümid edirik ki, bu dəyişikliklər sağlam rəqəmsal mühitin formalaşmasına, gənc nəslin mənəvi və psixoloji inkişafının qorunmasına, eləcə də informasiya məkanında məsuliyyətli davranış mədəniyyətinin güclənməsinə xidmət edəcək”. 

Elə beynəlxalq təcrübə də göstərir ki, dövlətlər bu məsələni artıq fərdi ailə problemi deyil, milli təhlükəsizlik və ictimai sağlamlıq məsələsi kimi qiymətləndirirlər. Azərbaycanda da oxşar yanaşmanın formalaşdırılması, azyaşlıların sosial şəbəkələrdən istifadəsinin yaş məhdudiyyəti, valideyn razılığı və effektiv nəzarət mexanizmləri ilə tənzimlənməsi vacib hesab olunur. 

Apardığımız araşdırma zamanı məlum oldu ki, dünya dövlətlərinin bəziləri uşaq və gənclərin mənəvi inkişafı, sosial şəbəkələrdə zərərli informasiyalardan qorunması üçün nəzarəti gücləndirib. 

2024-cü ilin noyabrında dünyada ilk dəfə olaraq Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadə etməsini qadağan edən qanun qəbul edilib. Bu qanun mövcud hesablardan istifadə etməyi və yeni hesab açmağı əhatə edir və sosial media şirkətlərini buna uyğun yaş təsdiqi sistemləri tətbiq etməyə məcbur edir. Qanuna əməl etməyən şirkətlər ciddi cərimələrlə üzləşə bilər. Belə tədbirlər nəticəsində sosial media platformaları təxminən 4.7 milyon hesabı deaktiv edib.

Fransa parlamenti də 15 yaşdan kiçik şəxslərin sosial şəbəkə istifadəsini qadağan edən qanunu təsdiqləyib. Qanunun qəbulunda məqsəd uşaqların psixoloji sağlamlığını və təhlükəsizliyini artırmaqdır. Qanuna görə sosial platformalar qeydiyyat zamanı istifadəçilərin yaşını yoxlamalıdır. 

Böyük Britaniyada isə 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan edilə bilər. Bu barədə "The Times" qəzeti hökumət mənblərinə istinadən məlumat yayıb.  Tədbir bu ilin əvvəlində qüvvəyə minə bilər. Plan süni intellekt botlarının istifadəsini məhdudlaşdırmaq, telefon istifadəsinə vaxt məhdudiyyətləri qoymaq və qısa videolara baxmaq və sonsuz sayda video yayımlamaq kimi "asılılıq yaradan xüsusiyyətləri" məhdudlaşdırmaqdır. Qadağa virtual özəl şəbəkələrə girişi də əhatə edə bilər ki, bu şəbəkələrdən "müəyyən filmlərə qanunsuz daxil olmaq üçün istifadə edilə bilər". Tədbir bu yay məsləhətləşmələr başa çatdıqdan sonra tətbiq oluna bilər.

Polşada da 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub. Polşanın Rəqəmsal Məsələlər üzrə Naziri Kşiştof Qavkovski “TVP World”ə bildirib ki, yeni qanun layihəsi üzərində iş gedir.
15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi Polşanın hakim Vətəndaş Koalisiyası alyansının deputatları tərəfindən irəli sürülüb. Layihəni dəstəkləyənlər arasında təhsil naziri Barbara Novaçka da var.

Yeni qanunun sentyabrın 1-də qüvvəyə minməsi gözlənilir.

Xatırladaq ki, Avstraliya keçən il 16 yaşdan kiçiklər üçün sosial medianı qadağan edən ilk ölkə oldu. Danimarka, İspaniya, Yunanıstan  kimi Avropa ölkələri də oxşar addımlar atmağa hazırlaşır. Odur ki, Azərbaycanın da uşaq və yeniyetmələri zərərli informasiyalardan qorumaq üçün sosial şəbəkələrdə qeydiyyat tələbinin sərtləşdirməsi onların hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi yox, onları zərərli informasiyalardan qorunması məqsədi daşıyır.

Gülayə Mecid