Bir neçə ay bundan əvvəl manatın məzənnəsinin aşağı düşməsi şadlıq evlərini də böhrana salmışdı. Hər gün toy, nişan, şadlıq məclisləri ilə dolub-daşan şadlıq evləri və restoranlarda artıq müştəri qıtlığı yaşanırdı. Hətta yaranmış böhran ilə əlaqədar bir çox restoranlar bağlanmalı olmuşdu.
Şadlıq evləri ilə bərabər şou əhli də toyların, şadlıq mərasimlərinin azlığından şikayətlənir, müştərilərin, dəvətlərin kəskin şəkildə azaldığını bildirirdilər. Bəzi ekspertlər isə bu məsələdə təkcə manatın məzənnəsinin aşağı düşməsi deyil, eyni zamanda qış aylarının təsiri olduğunu vurğulayırdılar.
Bəs, görəsən, indi vəziyyət necədir? Şadlıq evləri yazın gəlişi ilə böhrandan çıxa bildimi? Məsələ ilə əlaqədar bir neçə şadlıq evlərinə müraciət etdik.
Unikal.org xəbər verir ki, "Elgün" şadlıq sarayının Elgiz adlı administratoru "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, yazın gəlişi ilə vəziyyət öz normal halına dönüb: "Mart ayından başlayaraq hər şey normaldır. Aprel ayında da vəziyyət bu cürdür".
Administrator qiymətlərdə heç bir artım olmadığını dedi: "Qiymətlərdə heç bir artım yoxdur. Əsasən, 30-35 manat arasında dəyişir".
"Praqo" şadlıq evində də artıq müştəri qıtlığı yaşanmır. Bu barədə şadlıq evinin administrartoru Şahmar Abışov açıqlayıb: "Martın axırından başlayaraq müştərilərin sayı artmağa başlayıb".
Şahmar Abışov onu da qeyd etdi ki, yaşanan böhranla əlaqədar qiymətlərdə böyük endirim edilib: "Biz qiymətləri çox aşağı saldıq, ona görə də müştərilərin sayında artım var. Bizdə qiymətlər 22 manatdan başlayır".
"Kolizey" şadlıq evinin administratoru Eldar bəy isə müşətilərdən razı qaldıqlarını deyib: "Allaha şükür ki, müştərilərimiz gəlir, toy yazdıranlar da var. Normal işləyirik, Maşallah. Menyuların qiymətləri 30-60 manat arasında dəyişir". Administrator yalnız ötən ilə nisbətən bu il müştəri azlığı olduğunu bildirdi: "Cüzi fərq var. Ötən ilə baxanda gediş-gəliş azalıb".
"İmperator" şadlıq evində isə vəziyyət elə əvvəlki kimidir. Yalnız menyunun qiymətləri əvvəlkinə nisbətən 10 faiz aşağı endirilib. Bu barədə adı çəkilən şadlıq evinin Azər adlı əməkdaşı bildirib: "Menyuların tərkibində dəyişiklik etmədən qiymətlərdə endirim etmişik".