Atamdan sonuncu məktub martın 10-da gəlib. Cəbhədəki son hadisələrdən sonra ondan xəbər tuta bilməmişik.
Unikal.org xəbər verir ki, bunu APA-ya açıqlamasında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.
K.Əsgərov bildirib ki, ailəsi atasının taleyi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarından cavab gözləyir: "Atamın taleyindən narahatıq. İstəyərdim ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları yenidən atamın vəziyyəti ilə maraqlansınlar, bizə xəbər versinlər. Sonuncu məktubun gəlməsindən bir ay vaxt keçib. Yazmışdı ki, su var, çörək var. Elə fikirləşirəm ki, ona su və çörəkdən başqa heç nə vermirlər".
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.