Gürcüstandakı azərbaycanlı gənclər bu gün Ermənistanın Tbilisidəki səfirliyinin binası qarşısında Alxanlı faciəsi ilə bağlı etiraz aksiyası keçirib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, aksiya Tbilisinin "Marcanişvili" metro stansiyasından yürüşlə başlayıb və Ermənistan səfirliyi qarşısında dinc aksiya ilə davam etdirilib. İştirakçılar Ermənistan silahlı bölmələrinin törətdiyi növbəti təxribat nəticəsində iki dinc sakin - nənə və 2 yaşlı nəvənin həlak olmasını qətiyyətlə pisləyiblər. "Mən Zəhrayam!", "Qarabağa ədalət!", "Xocalıya ədalət!", "Qafqazda terrora son!" şüarları ilə keçirilən aksiyaya 30-a yaxın azərbaycanlı gənc fəal qatılıb.
Sonda iştirakçıların Alxanlı faciəsini qınayan etiraz bəyanatı Ermənistanın Gürcüstandakı səfirliyinin nümayəndəsinə təqdim olunub.
Tələbə Leyla Əmrahova bildirib ki, aksiyanın keçirilməsində məqsəd Gürcüstan ictimaiyyətini Ermənistan tərəfindən törədilmiş son hərbi cinayət barədə məlumatlandırmaq və erməni silahlı bölmələrinin mülki şəxsləri, körpələri hədəfə almasını qətiyyətlə pisləməkdir.