Bakıda gözətçiyə xəsarət yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, iyulun 3-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları F.Əmirov küçəsində ağır vəziyyətdə olan yaralını təcili tibbi yardımla xəstəxanaya çatdırılmasını təmin ediblər. Həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Araşdırmalarla onun Qusar rayon sakini Samir Mehdiyev olduğu müəyyənləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Hadisə yerində keçirilən əməliyyatda üç nəfər arasında insident olması barədə məlumat əldə edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişənin digər iştirakçıları müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Rəşad Həsənov və Ağstafa rayon sakini Aftandil Məmmədov olmaları müəyyən edilib. Aparılmış tədbirlərlə şübhəli şəxslərin tikinti şirkətlərindən birinin ərazisindən oğurluq etməyə cəhd göstərdikləri zaman aralarında yaranmış münaqişə zəminində orada gözətçi işləyən S. Mehdiyevi döydükləri və ağır yaralı vəziyyətdə hadisə yerində qoyub qaçdıqları müəyyən edilib.
Faktla əlaqədar başlanılmış cinayət işi Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.