Müdafiə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a
verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı
tərəfindən əldə olunan dəqiq məlumata əsasən, Ermənistan hərbi
birləşmələri növbəti dəfə təxribat törətmək məqsədilə döyüşə hazırlıq
vəziyyətinə gətirilib.
Ermənistan
tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın
qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının
alınması üçün iyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan
ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də
taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş
zərbələri vurub.
Cəbhənin
Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu
fəaliyyət nəticəsində, ilkin məlumata görə, düşmənin tabor mərkəzinə
daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş
texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur
obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb.
Dinc
əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin
qarşısını dərhal almaq və onun atəş nöqtələrinə cavab zərbələri endirmək
məqsədilə qoşun növləri və qismləri döyüş tətbiqi üçün hazır vəziyyətə
gətirilib.
Hazırda bütün cəbhə boyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.