İspaniyanın "La Razon qəzetində "Azərbaycanla Ermənistan arasındakı sərhəddə gərginlik artır: Rəsmi Bakı Füzulidə iki insanın ölümünə səbəb olan son hücumu pisləyir adlı məqalə dərc olunub.
Unikal.org-un xəbərinə görə, məqalədə iyulun 4-də baş verən dəhşətli faciədən - Ermənistan silahlı qüvvələrinin 82 və 120 millimetrlik minomyotlardan və dəzgahlı qumbaraatanlardan Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Allahverdiyevanın və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması faktından danışılır.
Məqalədə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasına istinad edilir, Ermənistan silahlı qüvvələrinin bu təxribatının vandalizm aktı olaraq, Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut etdiyi vurğulanır. Cəbhə xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və yaşlıların olduğu azərbaycanlı mülki əhaliyə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və hədəflənən hücumların edilməsinin sistematik xarakter daşıdığı və Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa yönələn hücumlarının, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulduğu bildirilir. Məqalədə eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərindən sonra həmsədrlər və beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfinin azərbaycanlı mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş alçaq və şərəfsiz təxribatlara əl atdığı, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğunun münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneə olduğu qeyd olunur.