İyulun 26-da Quba rayonunun Qəçrəş kəndi ərazisində azyaşlı qızın itkin düşməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) "102 Zəng Mərkəzi"nə müraciət daxil olub. Məlumat aidiyyatı üzrə Quba RPŞ-yə ötürülüb.
DİN-in mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, rayon Polis Şöbəsinin rəhbərliyinin göstərişi ilə yaradılan əməliyyat qrupu dərhal hadisə yerinə yollanıb.
Araşdırmalarla müəyyən edilib ki, 9 yaşlı Günel babası F.Zeynalov ilə birlikdə daxili turizm xətti ilə paytaxtdan Qəçrəşə gəzməyə gəliblərmiş. Baba nəvəsinin istirahətdə olarkən gördüyü mənzərədən çox xoşlandığını bildirib və meşədə gəzərkən azdığını deyib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə polis əməkdaşları tərəfindən Günel 30 dəqiqədən də az müddətdə sağ-salamat tapılaraq ailə üzvlərinə təhvil verilib.