Xalq artisti Rübabə Muradovanın qızı anası haqqında yayılan xəbərləri böhtan adlandırdı.
Unikal.org xəbər verirn ki, xalq artisti, mərhum Rübabə xanım Muradovanın qızı Şahnaz Bəşirova Milli.Az-a müraciət edərək bir neçə gün əvvəl mediada bir dilənçi qadın tərəfindən anası barədə deyilən fikirlərin yalan olduğunu bildirib:
"Mənim anam xalq artisti Rübabə Muradova səsi ilə, sənəti ilə, zəhməti ilə xalqın sevimlisi olmuş, bugünkü günə qədər sevilir və dinlənilir. Biz 2 bacıyıq - Qəmər xanım və mən. Mən 1954-cü ildə anadan olmuşam. Anam rəhmətə gedənə qədər onun yanında olmuşam. Lakin anam mənə onun 3-cü qızının olması haqqında heç nə deməmişdir. Nə də mənim anamın hamilə olması yadıma düşmür.
Rübabə xanım xalq artisti olub və ömrünün sonuna kimi xalqa xidmət etmişdir. Anam 34 ildir ki, vəfat edib. Lakin insanlar indiyədək onu, məmnuniyyətlə, dinləyirlər.
Xalq artistinin qızı dilənçilik edir: "Anam məni internata qoydu, atam isə..." - FOTO
Bizə çox maraqlıdır ki, bu illər ərzində Nailə adlı o qadın niyə üzə çıxmırdı? Niyə Rübabə xanım rəhmətə gedəndə o qadın yasa gəlməyib? Biz gedib deyilən ərazidə həmin o qadını axtarmışıq. Orada belə Nailə adlı bir dilənçi yoxdur.
Rübabə xanım haqqında mətbuatda çox yazılmış, televiziyalarda çox verilişlər hazırlanmışdır. Mən və bacım, hətta Rübabə xanımın nəvəsi və nəticələri bir sıra televiziyalarda verilişlərdə iştirak etmişik. Bütün bu verilişlərdə qeyd edilib ki, Rübabə xanımın 2 qızı var. Niyə bu qadın bu vaxta kimi bizi tapmayıb? Niyə məhz dilənçilik edəndən sonra əgər bu da həqiqətdirsə, müsahibə verib?
Bunu hamı bilir ki, Süleyman Rüstəm sonsuz olub. O, bacısı oğlunu övladlığa götürüb saxlayıb. İndi o Nailə adlı qadın deyir ki, 55 yaşı var. Mənim də 63 yaşım, bacımın da 70-ə yaxın yaşı var. Əgər anam qabağımızda hamilə gəzibsə, nə təhər olub ki, biz bunu görə bilməmişik?! Anamız evdən qaçmayıb, heç yerə getməyib, hardasa gizlənməyib, həmişə bizim yanımızda olub. Necə olur ki, anam hamilə qalıb, amma biz görə bilməmişik?!"
Xalq artistinin qızı anasının guya pulla mahnı ala bilməməsi məsələsinə də münasibət bildirib: "Yazılıb ki, Rübabə xanımın atamdan oxumaq üçün yazdığı şeirləri alanda pulu olmayıb... Arxivi araşdırın, görün, Rübabə xanım Süleyman Rüstəmin şeirlərinə yazılmış mahnı oxuyubmu? Süleyman Rüstəm həmişə partiyadan, Lenindən yazıb. Mənim anam isə nə partiyadan oxuyub, nə də Lenindən. Elə ona görə də ömrü boyu həmişə başından basıblar.
Bundan başqa, hamı bilir ki, o vaxtlar şairlər, bəstəkarlar mahnı satmırdılar. Onlar fəxr edirdilər ki, mahnılarını Rübabə xanım, Şövkət xanım, Zeynəb xanım oxuyur. Şairlər, bəstəkarlar yazdıqları şeirə, mahnıya görə dövlət tərəfindən qonorar alırdılar. Müğənnilərə də mahnıya görə pul ödəmirdilər".
Şahnaz xanımın sözlərinə görə, onlar bu vaxta kimi Rübabə Muradova haqqında çox şayiələrin yayıldığını görüblər. Amma bu məsələ təhqirdən də betərdir: "Bir dəfə mənə dedirlər ki, sənin anan İrandan gələndə 18 yaşında qızı olub. Mən də dedim ki, anam İrandan gələndə cəmi 13 yaşı olub. Onun İranda 18 yaşlı qızı necə ola bilərdi? Başa düşürəm, məşhur adamlar haqqında çox şey deyərlər. Mən etiraz eləmirəm, amma heç olmasa olan şeyləri desinlər də. Qoy yaxşı şeyləri də desinlər də. Məsələn, bir dəfə Rübabə xanıma 10 min pul verirdilər ki, toya getsin. Amma o, imtina elədi və gedib 2 yetim kasıb uşağın toyunda oxudu. Çalğıçıların pulunu da öz cibindən verdi. Bunları desinlər də. Niyə yalan, iftira yayırlar? Niyə anamı təhqir edirlər? Bu sözlər söyüşdən, təhqirdən də pisdir. Necə oldu ki, anam bacılarını, qardaşlarını, bizi atmadı, oxutdurdu, sənət verdi, bircə buna baxmadı? Niyə böhtan, iftira şeyləri deyirlər? Mənim anamı niyə biabır edirlər?"
Ona görə də Şahnaz Bəşirova mərhum anası Rübabə xanım haqqında yayılan iftiralarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini və günahkarların məsuliyyətə cəlb edilməsinə nail olacaqlarını bildirib.
Qeyd edək ki, Nailə adlı dilənçi bir qadın saytların birinə müsahibəsində anasının xalq artisti Rübabə Muradova, atasının isə tanınmış şair və ictimai xadim Süleyman Rüstəm olduğunu deyib. Onun sözlərinə görə, guya Rübabə Muradovanın Süleyman Rüstəmdən oxumaq üçün şeirləri almağa pulu olmayıb. Nəticədə guya onlar arasında isti münasibət yaranıb və bundan sonra həmin qadın dünyaya gəlib. Lakin guya Rübabə Muradova ailəsi dağılmasın deyə, onu atıb...