Bir müddət öncə ölüm xəbəri yayılan müğənni "Faytonçu Nazim Pişyari onu əməliyyatla pis hala salan həkim Elman Əzimov barədə hüquq-mühafizə orqanlarına şikayət edib.
Unikal.org-un məlumatına görə, lent.az-ın canlı yayımında qonaq olan ifaçı bildirib ki, ona dəyən maddi-mənəvi ziyanın qarşılığını tələb edir:
"Bu cür həkimlərin qarşısını almaq lazımdır. Mən bu halla üzləşən birinci və sonuncu adam deyiləm. Bu insan həkimlikdən azad edilməlidir. O, öz peşəsi ilə məşğul deyil, 2 ay kurs keçib, gəlib cərrahlıq edir. Onunla bağlı polisə müraciət elədim. Mənə dəyən maddi ziyanı qaytarsın. Bütün qəbzlər əlimdədi. Düz 62 min dollar xərcim çıxıb. Bu qədər pulu həkim səhvinə görə xərcləmişəm. Bundan əlavə mənə dəyən mənəvi ziyanı ödəsin. Nələr çəkdiyimi bir Allah bildi. İşimdən, səhnəmdən, qazancımdan qaldım. Bunu kim ödəyəcək? Mənimlə bərabər doğmalarım - ailəm, anam, qohumlarım əzab çəkdi.
Həkim isə etdiyi əməlləri boynuna almır. Deyir "düz eləmişəm. Digər ölkələrdə mənə baxan həkimlər isə bunu həkim səhvi kimi qiymətləndirir. Bir sözlə, bütün bunlara görə bir neçə gün öncə hüquq-mühafizə orqanlarına getdim, şikayət ərizəmi yazdım. Artıq bununla vəkilim məşğuldur. Azərbaycanda qanunlar işləyir. Səhv edən insanlar öz cəzasını almalıdır.
Müğənni onu da əlavə edib ki, 3 ay ərzində 4 dəfə əməliyyat etdirdiyinə görə maddi sıxıntı çəkib:
"Nə kasıb, nə də varlı insanam. Normal durumda olan biriyəm. Xalqın mənə etimad göstərdiyi, toylara dəvət elədiyi pulnan öz əməliyyatlarımı elədim. Müəyyən çatışmayan nəsə olanda isə ailəm və bacılarım mənə kömək oldu".
N.Pişyari xəstəliyinin ilk mərhələsində başına gələnləri danışıb:
"Heç bir zaman xəstəliyim olmayıb. Sadəcə öd kisəmlə bağlı sancılar yaranırdı. Mən də qərara aldım ki, öd kisəmi kəsdirim. USM-də baxan kimi dedilər ki, bu öd kisəsi artıq simasını itirib. Elman Əzimov adlı həkimin yanına gəldim. Naşı bir həkim əlinə düşdüm. O da məni necə əməliyyat elədisə, içəridə məni qanaxma götürdü. Fəsadlar yarandı, həkim mənim öd kisəmin yollarını tikdi. Təsəvvür edin ki, ödüm onikibarmaq bağırsağa axmalıdı, amma indi bayıra axır. Sonradan da mənə dedi ki, sən onkoloji xəstəsən. Təcili mənim kimyaterapiya olunacağımı söylədi.
İfaçı bildirib ki, həkimin bu sözlərini eşidəndən sonra İsrailə yollanmalı olub:
"İsraildə həkimlər baxdılar, güldülər. Dedilər, sizə kim deyib ki, onkoloji xəstəsiz? Söylədilər ki, sizi belə əməliyyat etmək olardı? Deformasiyaya uğramış öd kisəsini laparoskopiya ilə əməliyyat etmək olmaz. Bu həkim səhvidir. Həkimin digər səhvi də onda olub ki, qanaxma olması barədə məni xəbərdar etməyib. Qanaxma başlayan zaman açıq əməliyyata keçməli idi, amma keçməyib. Qan hər yanı bürüyüb, ürək də zəifləməyə başlayıb. Həkim də həmin an panikaya düşüb, qanı saxlamaq üçün hər şeyi tikməyə başlayıb. Öd axarlarımı da tikib. Bir sözlə, onun etdiklərindən sonra İsraildə bir əməliyyat keçirtdim.
Bakıda həkimin tikdiyini orda aça bilmədilər. Bakıya Surxay doktorun yanına gəldim. O da dedi ki, qardaş, sən Azərbaycanda özünə imdad axtarma. Ya Türkiyəyə, ya da Almaniyaya get. Mən də üz tutdum Türkiyəyə. Orada 2 əməliyyat etdirəndən sonra Bakıya qayıtdım. Şükürlər olsun ki, indi yaxşıyam. Reabilitasiya dövrünü yaşayıram. O itirdiyim çəkiləri indi yığmağa çalışıram. Təsəvvür edin, 3 ay içində 4 əməliyyat keçirmişəm. 6 saat bir, 4 saat bir, 2 və 1 saat da bir narkozda olmuşam. Çəki itirməyim də buna görədir.