2017-ci ilin fevral ayından etibarən milli valyutanın məzənnəsi stabilləşsə də, istehlak bazarında bahalaşma sürətlə davam edir.
Unikal.org xəbər verir ki, bu barədə iqtisadçı Qubad İbadoğlu Modern.az-a deyib ki, bahalaşmanın ciddi təsirlərindən biri ölkənin istehlak bazarında idxal malların üstünlük təşkil etməsidir:
"Daxili bazara gətirilən malların qiymətinə manatın məzənnəsinin dəyişikliyilə yanaşı, həmin ölkələrdə malın özünün bahalaşması, daşınma xərcləri də təsir göstərir. Bu baxımdan idxal mallar üçün əsas qiymətartırıcı faktor bundan ibarətdir. Amma ümumi qiymət səviyyəsi qalxanda bazarda bütün növ məhsul və xidmətlərə təsir göstərir.
Azərbaycanda yanacağın, elektrik enerjisinin, qazın, suyun qiyməti qalxıb. Eyni zamanda, xidmət bazarında qiymət artımı var. Mövsümün təsirilə bahalaşma davam edir. Ət bahalaşır, onunla əlaqədar yağ bahalaşır. Bu, bütövlükdə bazarların qarşılıqlı əlaqəsini göstərir. Əgər bazarda ətin qiyməti qalxıbsa, yağ da, süd də bahalaşır. Bunların hamısı heyvandarlıq məhsulu olduğuna görə qiymətlər də ona uyğunlaşdırılır.
Ekspert bildirib ki, ümumilikdə bahalaşma qaçılmazdır:
"Növbəti dövrdə payız mövsümü ilə əlaqədar qiymətartırıcı faktorlar daha çox üstünlük təşkil edəcək. Tələbatın artması ilə qazın, işığın yüksək tariflərlə ödənilməsi əhalinin büdcəsinə mənfi təsir göstərəcək. Bu da bütövlükdə sosial vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq. Qiymət artımın qarşısını almaq üçün ölkədəki inhisarçı fəaliyyətə son qoymaq, sahibkarlar üçün daha münbit şərait yaratmaq lazımdır.
Mütəxəssis "Aİ-98-super markalı benzinin qiymətinin bahalaşmasına da münsaibət bildirib:
"Bu markalı benzin idxal benzindir. Onun bahalaşması sadaladığım amillərlə bağlıdır. Qaldı ki, "Aİ-92 markalı benzinin növbəti dəfə bahalaşmasına, bu, Tarif Şurasının qərarı ilə mümkündür. Mən düşünürəm ki, bundan əvvəl dizel yanacağının bahalaşacağı müşahidə olunacaq. Yəni dizelin bahalaşması daha realdır, nəninki "Aİ-92 markalı benzinin.