Xəbər verdiyimiz kimi prezident İlham Əliyev Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanının tətbiqi ilə əlaqədar sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq və bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemi formalaşdırmaq məqsədilə fərman imzalayıb.
Fərman "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlıdır.
Yeni yaradılcaq fond nə iş görəcək?
İqtisadçı ekspert Samir Əliyev Unikal.org-a açıqlamasında deyib ki, "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondunun yaradılması kiçik və orta sahibkarlığın işini asanlaşdıracaq: "Məlum məsələdir ki, hazırda sahibkar kredit götürən zaman girov tələb olunur. Girov qoya bilmirsə, təbii ki, sahibkar kredit götürə bilmir. Misalçün, bank kənd təsərrüfatına kredit vermir ki, sabah bu pulun qaytarılmasında problem olar. Ancaq yeni yaradılan fond sahibkarın götürəcəyi kreditə zəmanət verəcək. "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondunun hansı öhdəliklər götürə biləcəyi veriləcək qərardan asılı olacaq. Tutaq ki, yeni qurum öhdəlik götürəcək ki, kredit götürən şirkət bağlanarsa, müflisləşərsə, məbləğin 50-80 faizini o qaytaracaq. Hər bir halda yeni fond kiçik və orta sahibkarlığın işini asanlaşdıracaq. Reallıqda bunun necə işləməsini zaman göstərəcək.
Ekspert fondun işləmə prinsipindən də danışıb: "Ölkədə Əmanətlərin Sığortalanması Fondu var. "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu prinsip etibarı ilə həmin mexanizmlə işləyəcək. Sığorta edilən zaman pul tutulacaq və.s. Onun hesabına fond özünü idarə edəcək. Burada məqsəd gəlir götürmək deyil. Əsas məqsəd kreditləşməni təmin etmək, bankları sahibkarlara kredit verməyə yönəltməkdir. ƏSF-də olduğu kimi problem olan zaman dövlət pul verəcək. Bu fondun yaradılması vacib idi. Biz təklifləri çoxdan vemrişdik. Şadıq ki, bu, qəbul edildi.
Həsən Babayev