Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üzrə oktyabrın 17-də keçiriləcək növbəti hərracda vətəndaşlara və potensial investorlara 149 dövlət əmlakı təklif olunacaq.
Komitədən unikal.org-a verilən məlumata görə, hərracda özəlləşməyə çıxarılan 149 dövlət əmlakından 43-ü kiçik dövlət müəssisə və obyekti, 78-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 8-i isə nəqliyyat vasitələridir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə "Azinterservis, "Bərdə Kərpic, "Tərtər Konserv, "Azərmetalinvest", "Oğuz Kəndkimya, "Çatal Broyler" və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak "Azinterservis Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 31%-ə yaxını 266 min manatdan çoxdur. Bundan başqa, qiymətində digərlərindən fərqlənən əmlak "Bərdə Kərpic Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın 30% səhmi isə 175 min 512 manata yaxın təklif olunur.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Gəncə, Yevlax, Şəki, Şəmkir, Tərtər, Yardımlı, İmişli və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 14 kv.m ilə 1274 kv.m arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə çıxarılan kiçik dövlət müəssisəsi Sumqayıtda yerləşən 22 saylı mağazadır. Adı çəkilən əmlak 217 min 857 manata təklif edilir. Ümumi faydalı sahəsi 600 kv.m-ə yaxındır. Qazax ərazi yun tədarükü və qəbulu idarəsi, paytaxtın Sabunçu rayonunda yerləşən mağaza da qiyməti ilə seçilənlər sırasındadır.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Sabunçu rayonunda yerləşən 63 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 300 kv.m-ə yaxındır. Adı çəkilən əmlak torpağın sahəsi ilə birgə özəlləşdirilir. Bundan başqa İmişlidə yerləşən 26 saylı yeməkxana da sahibi üçün iaşə sahəsində gəlirli hesab olunur.
Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 62-i paytaxtda, qalanları isə respublikanın digər şəhər və rayonlarda yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsinə təklif olunub. Bu əmlak 230 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 13 kv.m ilə 300 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.
Daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan paytaxtın Xətai rayonunda yerləşən 15 kv.m olan qeyri yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 2000 manat təşkil edir. Həmçinin paytaxtın Nəsimi rayonunda yerləşən, sahəsi 16 kv.m, ilkin start qiyməti 2 min 250 manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar. Hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları müxtəlifdir. İlkin start qiyməti isə 1080 manatla 4 min manat arasında dəyişir.