Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadə oğlunun qəza törətməsindən danışıb.
O, Unikal.org-a açıqlamasında bildirib ki, övladı qəza törədən zaman içkili olmayıb, hadisə piyadanın günahı ucbatından baş verib:
"Övladım işıqfordan tərpənib sola dönəndə, piyada yolun qanunla nəzərdə tutulmayan hissəsində qaçarkən hadisə baş verib. Hadisə piyadanın günahı səbəbindən baş verib. Övladım hadisə baş verən ərazidən qaçmayıb. Polis əraziyə gəlib araşdırma aparıb. İçkili olub-olmamasını araşdırıb. Övladımın indiyədək dilinə içki dəyməyib. Araşdırmadan da məlum olub ki, o içkili olmayıb. Araşdırmanın yekun nəticəsindən asılı olaraq qanun nəyi tələb edirsə, o da olacaq. Hazırda övladım saxlanılıb.

Xatırladaq ki, paytaxtın Teymur Əliyev küçəsində 10-SD-908 dövlət qeydiyyat nişanlı "Lexus" markalı avtomobili idarə edən Mehdizadə Toğrul Nizami oğlu yolu keçən 1986-ci il təvəllüdlü Ağayev Ramin Ramiz oğlunu vurub. Nəticədə piyada ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb və sürücü saxlanılıb.
Qeyd edək ki, hadisəni törədən T.Mehdizadə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadənin oğludur. N.Mehdizadə baş həkim vəzifəsinə bu ilin iyun ayında təyin edilib.