Maliyyə Bazarlarına Nəzarət Palatası "Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası"nı təsdiq edib.
Unikal.org-un trend-ə istinadən məlumatına görə, qaydaya əsasən, məlumat təchizatçıları tərəfindən kredit bürosuna kredit tarixçəsinin tərtib edilməsi üçün neqativ və pozitiv məlumatların təqdim edilməsi və kredit büroları tərəfindən məlumat istifadəçilərinə kredit tarixçələrini təşkil edən məlumatların təqdim edilməsi bu Qaydanın 3.5-ci, 3.6-cı və 3.7-ci bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, kredit tarixçəsi subyektinin yazılı (o cümlədən gücləndirilmiş elektron imzalı elektron sənəd formasında) razılığı əsasında həyata keçirilir.
Kredit tarixçəsinin subyekti, müvafiq qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanları, məcburi icra orqanı, əməliyyat-axtarış fəaliyyətinin subyektləri, nəzarət orqanı (kredit tarixçəsi subyektinin nəzarət orqanına daxil olmuş şikayətin araşdırılması üçün), notariuslar (borc müqavilələrinin, vəsiyyətnamələrin təsdiqi və vərəsəlik işləri üzrə), kredit tarixçəsi subyektinin vərəsələri (varisləri) tərəfindən kredit tarixçəsini təşkil edən məlumatın kredit bürosundan alınmasına kredit tarixçəsi subyektinin razılığı tələb olunmur.
Kredit tarixçəsinin subyekti vəfat etdikdə, ölmüş elan edildikdə, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, habelə yetkinlik yaşına çatmadığı, özü razılıq vermək iqtidarında olmadığı hallarda Qanunla tələb olunan razılıq müvafiq olaraq onun vərəsələri, qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən biri tərəfindən verilir. Bu halda müvafiq olaraq vərəsənin, qanuni nümayəndənin, valideynin və ya himayəçinin, şəxs səlahiyyətli nümayəndəsi vasitəsilə razılıq verdikdə isə səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədlər təqdim edilməlidir.
Məlumat təchizatçısı tərəfindən kredit bürosuna kredit tarixçəsini təşkil edən məlumat Qanunun 17.4-cü maddəsinə uyğun olaraq elektron formada təqdim edilir. Məlumat təchizatçısı tərəfindən kredit bürosuna məlumat kredit bürosu sisteminin müvafiq məlumat yükləmə vasitələri ilə birbaşa və ya Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş qaydada "Elektron hökumət portalı vasitəsilə təqdim edilir.
Məlumat təchizatçısı və ya məlumat istifadəçisi tərəfindən razılığın alınması faktı kredit bürosu üçün təsdiqlənmədiyi təqdirdə kredit bürosu məlumat təchizatçısı tərəfindən təqdim edilmiş kredit tarixçəsini təşkil edən məlumatları qəbul etməkdən və ya kredit hesabatını məlumat istifadəçisinə təqdim etməkdən imtina edir.