Dünya birjalarında neft sürətlə bahalaşır.
Unikal.org APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,12 dollar və ya 0,23% artaraq 52,34 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,43 dollar və ya 0,73% artaraq 59,45 dollar olub. Beləliklə, Brent markalı neftin qiyməti 2015-ci ilin iyul ayının ortalarından etibarən ən yüksək həddə çatıb.
Treyderlər neftin bahalaşmasını OPEC+ razılaşmasından gözləntilərlə izah edir. "Bazar iştirakçılarının gözləntilərinə əsasən, OPEC+ razılaşmasının müddəti uzadılacaq, hətta hasilat indikindən daha çox azaldılacaq", - deyə "Capital Economics" şirkətinin analitiki Tomas Pyu qeyd edib.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barrel azaldılaraq 32,5 mln. barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində kartelə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.