Azərbaycan, Gürcüstan və Türkiyə rəsmiləri Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının icra vəziyyəti ilə tanış olublar

"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimiayyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolları" SC-nin sədri Mamuka Baxtadze və Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan qatarla Tbilisidən Axalkalakiyə gedərək, dəmir yolu bağlantısında aparılan tikinti və son tamamlama işləri, yolun istifadəyə hazırlıq vəziyyəti ilə tanış olublar. Dövlət və hökumət rəsmiləri Tsalka, Tetriskalo və digər stansiyalarda olub, Asiya ilə Avropanı birləşdirəcək BTQ-nin açılışa hazırlığı ilə maraqlanıblar.

Qeyd edək ki, tədbirdə üç ölkənin nəqliyyat strukturlarının rəhbərləri ilə yanaşı, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Dursun Həsənov, Zəki Ləvənt Gümrükçü və digər rəsmi şəxslər iştirak ediblər.

C.Qurbanov kütləvi informasiya vasitələrinə verdiyi məlumatda bildirib: "Bakı-Tbilisi-Qars yeni dəmir yolunu test etdik. Yeni dəmir yolu artıq istifadəyə hazırdır. Prezidentin iştirakı ilə rəsmi açılışdan sonra Bakı-Tbilisi-Qars yeni dəmir yolu tam istifadəyə veriləcək".