Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar piyadaların üzərinə su sıçradan sürücülərə xəbərdarlıq edib.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Unikal.org-a açıqlamasında bildirib ki, son günlər Azərbaycanda və o cümlədən Bakıda yağıntılı hava şəraiti hökm sürür:
"Yağış suları səbəbindən bəzi yol kənarlarında müəyyən gölməçələr yaranıb. Dünən və bu gün səhər saatlarında bəzi sürücülərin sürət həddini düzgün seçməməsi nəticəsində avtomobillər piyadaları çirkli yağış suları ilə islandırıb.
Metronun "Xətai, "İnşaatçılar və "Elmlər Akademiyası stansiyaları ərazisində hərəkət edən piyadalar bu problemlə qarşılaşdığından yol polisinə müraciət ediblər. Artıq 3 avtomobil sürücüsünün tapılıb, məsuliyyətə cəlb edilməsi ilə bağlı işə başlamışıq.
Ötən gün Bakı polisi paytaxt yollarında məhz hərəkətin tənzimlənməsi ilə məşğul olub. Lakin heç kimə protokol yazılmayıb. Amma sözügedən hadisə ilə bağlı, 3 sürücü barəsində daxil olan şikayət araşdırılır və onların cəzalandırılması üçün iş aparılır".
V.Əsədov yağışlı havada hərəkət edən sürücülərə də müraciət edərək onları diqqətli olmağa çağırıb:
"Sürücülər düzgün sürət həddini seçməli, yol kənarlarında gölməçələrə yığılmış yağış sulları ilə piyadaları çirkləndirməməlidirlər. Əks halda sürücülər İnzibati Xətalar Məcəlləsinə görə xəta tərkibi yaradır və sürücülər ən azından 40 manat cərimə oluna bilərlər. Bir daha hər bir sürücünü yağışlı havada hərkət edərkən diqqətli olmağa çağırırıq.
Amid Əyyuboğlu