Son günlər uşaqların dini mərasimlərdə iştirakı ilə bağlı mətbuatda müzakirələr aparılır. 

Unikal.org-un məlumatına görə, AzərTAc bu məsələ ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqlamasını yayıb. Açıqlamada bildirir ki, Komitənin bu məsələ ilə bağlıbir neçə gün əvvəl mətbuatda yayılan məlumatı düzgün şərh edilməyib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dini mərasimlərdə uşaqların iştırakı ilə bağlı açıqlamasında deyilir: "Azərbaycan Respublikası Konstitusiyanın 7-ci maddəsinə əsasən ("Azərbaycan dövləti"), Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Respublikasının Konstitusiyanın 17-ci maddəsinə əsasən ("Ailə, uşaqlar və dövlət), cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Uşaq hüquqlarının müdafiəsi sistemi çərçivəsində təhsildən yayınma və sağlamlığa zərərvurma hərəkətlərinin qarşısının alınması məqsədilə dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Uşaqların sağlamlığına zərər vuran hərəkətlərin edilməsi yolverilməzdir və bu, birbaşa Uşaq Hüquqları Konvensiyasının pozulmasıdır.
Həmin maddəyə əsasən, uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. Əks halda, qanun pozuntusu qeydiyyata alındığı andan valideynlərin hüquqları məhdudlaşa və ya ümumiyyətlə, valideyn hüquqları ləğv edilə bilər. Azərbaycan Respublikasının Ali Qanununa, ölkənin qoşulduğu beynəlxalq konvensiyalara əsasən, uşaqlara qarşı zorakılıq və ayrı-seçkilik yolverilməzdir.
Dövlət Komitəsi müvafiq dövlət qurumları ilə birgə, xüsusilə də yanlış stereotiplərin aradan qaldırılması sahəsi üzrə maarifləndirmənin gücləndirməsi istiqamətində iş aparır, risk altında olan ailələri hüquqşünaslarla və psixoloqlarla təmin edir, məktəblərdə və ali təhsil ocaqlarında müvafiq təlim-tədris proqramlarını həyata keçirir.
Hazırda komitənin regional mərkəzləri tərəfindən maarifləndirmə işləri gücləndirilir.
Dövlət Komitəsi uşaqların məcburi şəkildə dini mərasimlərdə iştirakına qarşı olduğunu bir daha vurğulayır. Bu məsələ ilə bağlı milli qanunvericilikdə boşluqlar olduğunu nəzərə alaraq, valideyn məsuliyyəti artırılmalıdır və beynəlxalq konvensiyalara əsasən qanunvericilikdə dəyişiklər edilməlidir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli, 2074 nömrəli Sərəncamına əsasən, komitə tərəfindən "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında Qanun layihəsi hazırlanıb. Qanun layihəsi uşaqların zərərli informasiyadan qorunması, ölkə ərazisində informasiya məhsullarının yayılması ilə bağlı münasibətləri tənzimləyir. Uşaqların onlara zərər vuran informasiyadan qorunması üçün bu sahəyə dövlət nəzarətinin olması vacibdir.
Yuxarıdakıları nəzərə alaraq, qanun layihəsinin qəbul edilməsi, həmçinin kütləvi mərasimlərin təşkili zamanı uşaqların mənafeyinin üstün tutulması prinsipinə riayət olunmasına imkan verəcək. Qanun layihəsi komitə tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasına təqdim edilib. Yaxın vaxtlarda qanun layihəsinin Milli Məclisdə müzakirəsi gözlənilir.
Müasir Azərbaycanda uşaqların onların sağlamlığına və inkişafına mənfi təsir edə biləcək kütləvi tədbirlərə cəlb edilməsi yolverilməzdir. Dövlət Komitəsi valideynləri bu məsələyə məsuliyyətlə yanaşmağa çağırır".