Bu gün Qubadlı rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri 28 May mədəniyyət evində Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin Başçısı Malik İsaqov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ümumtəhsil məktəblərinin müəllim kollektivi, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Unikal.org xəbər verir ki, tədbir açıq elan edildikdən sonra rayon təhsil şöbəsinin müdiri Fuad Bədəlov məruzə ilə çıxış etdi. Məruzəçi qeyd etdi ki, 5 oktyabrın Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Azərbaycanda Müəllimlər Günü isə 1993-cü ildən etibarən qeyd edilir. Hazırda dünyanın 100-dən çox ölkəsində bu tarix müəllimlər günü kimi qeyd olunur.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Malik İsaqov tədbir iştirakçılarını salamlayaraq bütün müəllimləri bayram günü münasibəti ilə təbrik edərək qeyd etdi ki, bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminlik müəllim ordusu üçün əziz gündür - pedaqoq adına tapınanlar özlərinin peşə bayramını qeyd edirlər. Bəşəriyyətin min illər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. Hər bir insanın dünyanı dərk etməsində, yeni biliklər qazanmasında müəllim ən yaxşı köməkçi olmuşdur. Ulu Öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək hər zaman söyləyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Bu gün dövlət rəhbərimiz İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək, onlara daim diqqət və qayğı göstərir.
Sonra Rayon İcra Hakimiyyətinin Başçısı Malik İsaqov ölkə prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Qəzyan kənd tam orta məktəbin direktoru İmanova Yeganə Allahverən qızına "Tərəqqi medalı və Fərcan kənd tam orta məktəbin müəllimi Əsədov Ədalət İxtiyar oğluna "Əməkdar müəllim adının verilməsi münasibəti ilə təbrik edərək bütün müəllimlərə nailiyyətlər arzuladı.
Tədbirdə fəaliyyəti dövründə fərqlənən bir qrup müəllimə Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanları təqdim olundu.
Tədbir rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı konsert proqramı ilə davam etdirildi.