Hazırda İsveçdə yaşayan tanınmış rejissor Rahim Sadıqbəyli Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim barədə maraqlı faktlar açıqlayıb.
Unikal.org "Ölkə.Az"-a istinadən xəbər verir ki, rejissor yeni səfirin Bakıda mənzilinin olmadığını bildirib:
"Qohum var ki, adam lap qardaşı belə olsa, varlığından utanır. Amma elə qohumlar da var ki, bütün nəslin fəxarətinə çevrilir. Xalam oğlu bu səviyyəyə öz zəhməti, əzmkarlığı, savadı sayəsində gəlib. Heç Bakıda mənzili də yoxdur. Ata-anası 1 otaqlı mənzildə yaşayırlar. Anası illərdir xəstədir. Heç vaxt heç kəsə əyilməyib. Yalnız özünə güvənən insan olub. Altı dildə sərbəst danışa bilən, əsl professional diplomatdır. Bu gün xəbərlərdən oxudum ki, Xəzər İbrahim Azərbaycanın Türkiyə Cümhuriyyətindəki səfiri təyin olunub. Səninlə qürur duyuruq, əzizim, mənim xalamın bircəciyi! Xalqımıza uğurlu olsun".
Qeyd edək ki, dünən Prezident İlham Əliyevin sərəncamı ilə Xəzər Zafir oğlu İbrahim Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, o, bundan öncə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri və Azərbaycanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri təyin edilib.