Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə yeni müdir təyinatı gerçəkləşib.
Unikal.org report-a istinadən xəbər verir ki, bu vəzifə Namiq Novruzova həvalə olunub.
N.Novruzov bu yaxınlarda Azərbaycan Turizm və Menecment Universitetinə rektor təyin olunmuş İlham Mədətovu əvəzləyib.
Faktı Nazirliyin mətbuat katibi Səmayə Məmmədova da təsdiqləyib.
Qeyd edək ki, Novruzov Namiq Samur oğlu 1978-ci ildə Bakı şəhərində anadan olub. O, Bakı şəhər 6 nömrəli məktəbdə təhsil alıb. Təhsilinin son, 10-cu sinfini Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində "Timwater high school da davam etdirib. 1995-1996-cı illərdə ABŞ-ın "Centralia Community Collegein siyasi elmlər fakültəsində, 1997-1998-ci illərdə İngiltərənin paytaxtı Londonda hazırlıq kursunda təhsil alıb. 1999-cu ildə İngiltərənin Liverpul Con Mörs Universitetinə qəbul olunub, daha sonra təhsilini Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində davam etdirib.
2003 - 2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. 2007 - 2011-ci illərdə Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının menecment fakültəsində təhsil alıb.
2000-ci ildə BM hüquq şirkətində hüquqşünas köməkçisi vəzifəsində fəaliyyətə başlayıb və 2006-cı ildə həmin şirkətdə vitse prezident vəzifəsinə qədər yüksəlib. 2007 - 2010-cu illərdə müxtəlif şirkətlərdə hüquq şöbəsinin müdiri və direktor vəzifələrində çalışıb.
2012-ci ildən Gənclər və İdman Nazirliyində Regionlarla iş və kadrlar şöbəsinin Regionlarla iş sektorunda aparıcı məsləhətçi, 2013-cü ildən isə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq və beynəlxalq qurumlarla iş sektorunun müdiri səlahiyyətlərini icra edib.