Xəbər verdiyimiz kimi, 2016-ci ilin oktyabr ayının 27-də saat 16:00 radələrində Azərbayca Silahlı Qüvvələri öz polkovnik-leytenantını faciəvi şəkildə itirdi. Belə ki, Cəlilabad rayon Günəşli kəndindən olan polkovnik-leytenant Miriyev Telman Mirbaba oğlu hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.
Unikal.org xəbər verir ki, faciəli şəkildə həlak olan polkovnik-leytenantımızın bu günlərdə il mərasimi keçirilib.
Bu gün mərhum zabitimizin yaxınları və xüsusən 6 yaşlı qızı Zeynəb atasının məzarı önündə şeir deyir və sonda atasına şəhid statusunun verilməsi üçün prezident İlham Əliyevə qısa müraciət edib:
"Mən atamla fəxr edirəm. Atam Vətən yolunda şəhid oldu. Prezidentimiz ona çoxlu medallar verib. Prezidentimiz İlham Əliyevə müraciət edirəm ki, atama şəhid adı verilsin.
Qeyd edək ki, Mərhum zabitimizin anası Xanımgül Miriyeva unikal.org vasitəsi ilə Prezident İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənova müraciət edib.
Xatıradaq ki, mərhum zabitimiz Miriyev Telman Mirbaba oğlu 1981-ci ildə iyul ayının 19-da Cəlilabad rayon Günəşli kəndində anadan olub. Telman sözügedən kənd orta məktəbini bitirdikdən sonra C.Naxçıvanski adına məktəbdə, daha sonra isə Hərbi Akademiyada oxuyub. Telman zabit kimi ilk olaraq Gəncə şəhərində N saylı hərbi hissədə işə başlayıb. Sonra Amerikada kurs keçib. Ölümünə kimi isə Telman Ağdam, Bərdə və Bakıda zabit kimi işləyib və 2016-ci ildə Aprel döyüşlərində fəal iştirak edən zabitlərimizdən biri olub. Mərhum zabitimiz 25 iyun 2014-cü ildə mayor rütbəsində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə, hərbi təhsil sahəsində xidmətlərinə görə "Vətən uğrunda medalı ilə təltif edilib.