"Marselin müdafiəçisi Patris Evranı ciddi cəza gözləyir.
Unikal.org xarici mətbuata istinadən məlumatına görə, buna səbəb veteran futbolçunun Avropa Liqasının qrup mərhələsində "Vitoriya ilə qarşılaşmada azarkeşi vurmasıdır.
Belə ki, Portuqaliyada baş tutan matçdan əvvəl 36 yaşlı cinah oyunçusu öz komandasının azarkeşləri ilə mübahisə edib. Nəticədə əsəblərinə hakim ola bilməyən Evra bir azarkeşin ayağına zərbə vurub. Bunu diqqətdən qaçırmayan baş hakim Evraya qırmızı vərəqə göstərib. Nəticədə ehtiyatda oturmalı olan fransalı tribunaya göndərilib.
Məsələ ilə bağlı araşdırmaya başlayan UEFA-nın İntizam Komitəsi noyabrın 10-da qərarını açıqlayacaq. Qitə futbol qurumunun onu ən azı 5 oyunluq diskvalifikasiya etməsi gözlənilir.
Qeyd edək ki, "Gimaraeş - "Marsel oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.