Bu gündən etibarən 2018-ci il 27-29 aprel tarixlərində Bakıda baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin satışına start verilir.
Unikal.org xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai və Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bildiriblər.
Qeyd edilib ki, noyabrın 6-dan 31 dekabr 2017-ci il tarixinədək həm xarici, həm də yerli avtoidman həvəskarları biletləri 20% endrimli qiymətlərlə əldə edə biləcəklər. Bundan başqa yerli sakinlərə əlavə 25%-lik endirim də ediləcək.
İlkin endirim kampaniyası yalnız tribunaya olan və 26-29 tarixlərini əhatə edən 4 günlük biletlər üçün keçərlidir. İlkin endirim kampaniyası müddətində yerli sakinlər üçün tribunalara 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 160-600 AZN arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 120-420 AZN təşkil edir.
Bu kampaniya ərəfəsində 4 günlük biletlərə əlavə olaraq ayaqüstü zonalara birgünlük bilet almaq mümkün olacaq. Bu zonalara birgünlük biletlərin qiyməti cümə günü üçün 60 AZN, şənbə günü üçün 100 AZN və bazar günü üçün 150 AZN-dir.
1 yanvar 2018-ci il tarixdən etibarən isə biletlərin satışı yalnız xarici vətəndaşlar üçün tam qiymətlərlə aparılacaq, yerli sakinlər üçün isə nəzərdə tutulmuş 25%-lik endirim qüvvədə qalacaq.
2018-ci ilin ilk günündən etibarən isə yeni biletlər 2017-ci il Qran Prisindəki qiymətlərlə satışda olacaq.