Ağdamda avtomobili cərimə meydançasına salınan rayon sakini özünü yandırıb.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü Bəhlul Əmirov avtomobili ilə hərəkət edərkən Ağdam rayon Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, avtomobilin sənədləri yoxdur və maşının külli miqdarda ödənilməmiş cəriməsi var. Avtomobil B.Əmirovdan alınaraq cərimə meydançasına salınıb.
B.Əmirov avtomobili cərimə meydançasından çıxarmaq istəsə də, mümkün olmayıb. Şöbədən bildiriblər ki, avtomobilin cərimələri ödənilməli və sənədləri qaydasına salınandan sonra sahibinə qaytarılmalıdır.
B.Əmirov isə cəriməni ödəmədən avtomobili almağa cəhd edib. Cəhdləri boşa çıxan B.Əmirov evinə qayıdaraq yaşadığı evin həyətində üzərinə benzin tökərək özünə od vurub. O, ailə üzvlərinin köməkliyi ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu təyin edilib. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.
Ağdam rayon Polis Şöbəsindən Trend-ə bildiriblər ki, B.Əmirovun avtomobili qanunsuz idarə edildiyi üçün cərimə meydançasındadır: "Şikayətçi bununla bağlı Baş Prokurorluğa və Ağdam rayon Prokurorluğuna müraciət edib. Müraciət araşdırılıb və avtomobilin qanun çərçivəsində saxlanıldığı müəyyən edilib. Lakin vətəndaş şikayətin araşdırılması ilə razılaşmayıb".