Ötən həftənin yadda qalan hadisələrindən biri də Azərbaycanda televiziyanın 61, radionun yaranmasının isə 91 ilinin tamam olmasıydı. Qeyd edək ki, Azərbaycan radiosu fəaliyyətə 1926-cı il noyabrın 6-da başlayıb. Bakı Televiziya Studiyası isə ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.
Hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir.
Bəs Bakı sakinləri yerli TV kanalları izləyirmi ? Onların sevimli aparıcıları kimlərdir?
Unikal.org "ACT Azərbaycan"ın Bakıda keçirdiyi sorğunun nəticələrini təqdim edir:
Mövzu ilə bağlı fikri öyrənilmiş 400 respondentin beşdə biri (20%) qəribə olsa da, yerli televiziya kanallarının simalarını tanımadıqlarını bildiriblər. Sualı cavablandırmaqda çətinlik çəkənlər də yetəri qədərdir (18 %).
Bəyənilən TV aparıcılar isə bunlardır :
Zaur Baxşəliyev - 12 %
Zaur Kamal - 5 %
Mətanət Əliverdiyeva - 4 %
Xoşqədəm Hidayətqızı - 4 %
İlkin Həsəni - 2 %
Afaq Gəncəli - 2 %
Vüsalə Əlizadə - 2 %
Sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.