Azərbaycanda daha bir idman federasiyası milli komanda ilə vidalaşmalı olub.
Bu barədə su polosu üzrə millinin məşqçisi Azər Babayev Unikal.org-a açıqlamasında deyib:
"Bu gün Su İdman Sarayında 350 nəfərə yaxın azərbaycanlı dərs alır. Düzdür nə dünya çempionu, nə də Avropa çempionumuz yoxdur. Əslində əvvəllər bu idman növü Azərbaycanda daha məşhur idi. Ölkəmizdə su polosu həmişə olub. Komandamız olmasa da, idman ustalığına namizədlərimiz var. 4 idman ustamız var. Biz bütün yaş hədlərində komandalar yaratmışıq. 16 yaşa qədər (13, 14, 15, 16 yaşa qədər) uşaqlardan ibarət komandalarımız var. Özü də azərbaycanlılardan ibarətdir. Hazırda bizim əsas milli komandamız yoxdur. Milli komandanın İslam Oyunlarında pis iştirak etməsi, yaş hədlərinin də çox olmasına görə onlarla vidalaşmalı olduq. Onların bu idman növü üçün yaşları çox idi. Avropa Oyunlarında millimizin tərkibində əcnəbi idmançılar üstünlük təşkil edirdi. İslam Oyunlarında isə əksəriyyəti idmançılarımız idi.
Su İdmanı Növləri Federasiyasında maliyyə problemi yaşanıdığı, buna görə də vaxtı ilə təxminən 350 min manat qarşılığında "milliləşdirilən idmançılarla vidalaşması məsələsinə məşqçi belə münasibət bildirib:
"Biz indi onların heç biriylə əlaqə yaratmırıq. Tamam əlaqəni pozmuşuq. Onlarla Avropa və İslam oyunları ərəfəsində anlaşmışdıq. İdmançıların hansı vəsait qarşılığında millimizlə anlaşdığı barədə sizə məlumat verə bilmərəm. Mən o işlərə qarşımırdım. Məşqçi kimi işmi aparırdım, məvacibimi alırdım.
Qeyd edək ki, Su İdmanı Növləri Federasiyasının rəhbəri millət vəkili Xanlar Fətiyevdir. Həm üzgüçülük, həm də su polosu bu federasiyaya daxildir.
Aygün İlqarqızı