İki ay əvvəl anasını itirən müğənni Abdul Xalid yeni mahnı təqdim edib.
Unikal.org-un məlumatına görə, sənətçi əməkdar artist Mətanət İsgəndərlinin illər əvvəl oxuduğu "Anam hardasan" mahnısını yeni aranjimanda oxuyub.
Xalid bildirib ki, bu ifasını anasına həsr edib: "Təkcə anamı yox, həyatdakı tək dostumu, sirdaşımı itirdim. Onun yoxluğundan sonra keçirtdiyim acı hisslərimi heç bir sözlə izah edə bilmirəm. Allah dünyadan köçən cəmi valideynlərə rəhmət eləsin, yaşayanlara can sağlığı versin. Bir etiraf edim, həkimlər anamın ömrünə saatlar qaldığını deyəndə, yaddaşımda əməkdar artist Mətanət İsgəndərlinin illər öncə oxuduğu "Anam, hardasan?" mahnısı təzələndi. Özümü anamı itirəcəyim vaxta hazırladım. Yanımda olan dostlarım dəfndən sonra oxumaq istədiyimi biləndə təəccüblənmədilər. Əksinə dəstək olub, mahnının müəllifləri ilə əlaqə saxladılar".
Qeyd edək ki, "Anam, hardasan?" adlı mahnının musiqisi Asif Kərimova, sözləri Sərvər Şahbəyliyə aiddir. Klipin çəkilişləri Tovuz şəhərində və Bakıdakı Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında aparılıb. Ekran işinin rejissoru Fuad İsmayılovdur.