Dopinq cəzasından sonra bu il tennisə qayıdan Mariya Şarapova daha bir şok yaşayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, polis Şarapova barədə araşdırmaya başlayıb. Mariya ev alqı-satqısında dələduzluq edən qrupa kömək etməkdə şübhəli bilinir. Belə ki, 2013-cü ildə ev alqı-satqısı ilə məşğul olan şirkətlərdən biri rusiyalı tennisçini reklam siması edib. Şirkət məşhur tennisçinin adından istifadə edərək, on milyonlarla dollar qazanıb. "Şarapovadan balet adlanan kompaniyaya Mariyanın dəstək verdiyi açıqlanmışdı. Bundan əlavə, lüks evlərin olacağı binanın yanında tennis akademiyasının salınacağı da qeyd edilmişdi.
Hindistanda tikilməsi planlaşdırılan bu binadakı evlər 308 min dollardan satışa çıxarılıb. Ancaq sözügedən bina heç vaxt tikilməyib. Artıq 3 ildi ki, bu vədi verən dələduzlar axtarılsa da, heç bir nəticə yoxdu. Nəhayət, noyabrın 18-də polis məsələ ilə bağlı təhqiqata başlayıb.
Xatırladaq ki, qadağan olunmuş preparatdan istifadəyə görə 15 ay müddətinə tennisdən kənarlaşdırılan Şarapova, bu il korta geri dönüb. Rusiyalı tennisçi son olaraq sosial şəbəkədə nümayiş etdirdiyi yeni stili ilə diqqət mərkəzinə düşmüşdü.