Qarabağ müharibəsi əlili Kamil Musəvi: "Bu yaxınlarda mənə birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə müasir ayaq protezi qoyulacaq.
"Aprel döyüşləri və ya "Dördgünlük müharibə adlanan 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə həmin dövrdə demək olar ki, hər kəsin müzakirə nöqtəsi, narahatlığı, qürur yeri, kədəri, sevinci oldu. Hamının aparıcı mövzusu, müzakirə yeri aprel ayında bir neçə gün ərzində qazanılan qalibiyyət oldu. Belə ki, "Dördgünlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Bəzilərinə görə, yarımçıq kəsilən münaqişə, bəzilərinə görə isə daha düzgün seçilən bir yol. Fikirlər müxtəlif olduğu kimi, təkliflər və arzular da müxtəlif oldu. Gün keçdikcə bu təkliflər, düşüncələr dəyişir və dəyişəcək. Dəyişməyən yeganə reallıq torpağımız, şəhidlərimizdir və əlillərimiz oldu. Onlar bizim həm qürur yerimiz, həm kədərimiz, həm tariximiz, həm də qalibiyyətimizdir.
Azərbaycanın Müdafiə Nazirliyi aprel qələbəsinin ildönümü ilə bağlı bu il hazırladığı videosujetdə general-mayor Hikmət Həsənov bildirib: "Çox sevindirici haldır ki, bu döyüşlərin gedişatı zamanı hətta yaralı zabitlərimiz, gizirlərimiz və müddətdən artıq hərbi qulluqçularımız, əsgərlərimiz döyüş meydanını tərk etmək haqqında fikirləşmir, əksinə, yaralandıqlarını gizlədərək sona qədər döyüşürdülər. Buna misal olaraq, bizim tank əleyhinə batareyanın komandiri kapitan Balıyevi, gizir Eynullayevi nümunə göstərmək olar. Onlardan başqa, neçə-neçə hərbi qulluqçumuz son ana qədər döyüşərək düşmənə ağır zərbələr vurdular. Onların qəhrəmanlığı nəticəsində işğaldan azad edilmiş yüksəkliklərdə tam möhkəmlənərək təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində təhlükəsizlik tam təmin olundu.
Ümumiyyətlə, döyüş əməliyyatı nəticəsində işğaldan azad olunmuş mövqelərdə Azərbaycan ordusunun hərbçilərini dayandırmaq olmurdu. Onlar irəliləyərək işğal olunmuş bütün torpaqları azad etmək üçün fədakarlıq göstərirdilər".
Torpaqlarımızın işğaldan azad, ərazi bütövlüyümüzün bərpa olunması, qaçqın və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması uğrunda gəncliyini və gələcəyini fəda etməkdən bir an olsun çəkinməmiş, düşmənlə döyüşdə sağ ayağını və sol gözünü itirən Qarabağ qazisi, kəşfiyyatçı, ehtiyyatda olan baş leytenant Kamil Musəvi ilə hömsöhbət olduq. 25 yaşında qazi olan kəşfiyyatçımız K.Musəvi Azərbaycan ordusunun Tərtər istiqamətində keçirdiyi əməliyyat zamanı kəşfiyyat bölümünə rəhbərlik edib. Döyüş yoldaşlarına yardımçı olmağa çalışanda isə minaya düşüb. Ağır bədən xəsarətləri alıb.
Qeyd edək ki, Musəvi Kamil İbadət oğlu 1990-cı il iyul ayının 6-da Qazax şəhərində anadan olub. 1997-ci ildə İnternat məktəbinə gedib. 2006-cı ildən isə müəyyən səbəblərdən təhsilini 2 saylı orta məktəbdə davam etdirməli olub. 2008-ci ildə orta təhsilini bitirib, Ali Hərbi Akademiyaya (AHA) daxil olub. 2012-ci ildə AHA-nı leytenant rütbəsi ilə başa vurduqdan sonra 2012-ci ildən 2013-cu ilədək Təlim Təhsil Məktəbində ixtisası təkminləşdirmə kursunda təcrübə keçib. Elə həmin ildən də Tərtərdəki N saylı hərbi hissəyə kəşfiyyat tağım komandiri vəzifəsinə təyinat alıb.
Döyüş təəssüratları-¦
K.Musəvi bildirib ki, kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığını yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirib: "Gecə əməliyyata başlayandan bir neçə saat sonra, yoldaşlardan birinə kömək lazım oldu. Mən silahı götürüb ona tərəf qaçanda mina partlayışı oldu. Əlimi atdım ayağıma, əlim sümüyə dəydi. Bunun sanki yuxu olduğunu düşündüm. Gözümü bir anlıq yumub açdım və əlimi təkrar yenə ayağıma atdım. Gördüm yox bu həqiqətdir. Üzü üstə çönüb öz tərəfimizə sürünmək istəyəndə, gözümdən də qan axdığını hiss etdim. Əlimi gözümə vuranda, gördüm gözümdə hissiyat yoxdur, gözümdə dağılıb. Başladım öz tərəfimizə sürünməyə, sürünə-sürünə ağlayırdım. Ona görə yox ki ayağım gözümü itirdim. Sadəcə ona görə ağlayırdım ki, heç olmasa hələ dünyaya gəlməmiş övladımın üzünü görüm. Şükür bu günə də yaşayıram. Ən əsası da odur ki, həyatda heç nə olmamış kimi yaşayıram. Çünki Vətən üçün itiriləni heç bir zaman itki saymamışam.
Ona ilk tibbi yardım etmək üçün Tərtərdə tibb məntəqəsinə çatdırıblar: "Ağır yaralı olmağıma baxmayaraq hadisələrin və proseslərin hər anını detalları ilə xatırlayıram. Sonra Ağdama apardılar. Gecə saatlarında Sarıcalıdakı hospitala çatdıq. Orda məni görən baş həkimin ilk sözü belə oldu ki, "Gecikdirməyin, tez əməliyyata salın.
Qarabağ əlillərinin hüququ...
Birinci qrup Qarabağ müharibəsi əlili K.Müsəvi bildirib ki, Qarabağ müharibəsi əlillərinə dövlətdə və cəmiyyətdə sevgi və ehtiram var. Bununla yanaşı bu kateqoriyadan olan vətəndaşların qanunvericiliyə əsasən hüququ var: "Qarabağ müharibəsi əlillərinin hüququ çoxdur. Burda desəm çox zaman aparacaq. Bu kateqoriyadan olan əlillərlə bağlı sosial tədbirlər mütamadi olaraq davam etdirilir. Əlil və şəhid ailələrinə verilən təqaüdlər artırılıb. Əlilliyi olan şəxslər mənzillə, minik avtomobili ilə təmin olunur. Bu işlər müvafiq dövlət qurumları tərəfindən həyata keçirilir. Eyni zamanda pensiya ilə təmin edilirlər. Mən mənzil və avtomobil növbəsinə alınmışam.Bu yaxınlarda mənə Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə müasir ayaq protezi qoyulacaq.
Qeyd edək ki, Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə zamanı əlil olanlar, müharibə əlilləri, onlara bərabər tutulanlar"Əlillərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunun 42-ci maddəsinə əsasən dərman preparatları və protezlər ilə təminat, 36-cı maddəyə əsasən əlillərin rabitə vasitələri ilə təmin edilməsi nəzərdə tutulub.
9 sentyabr 2008-ci il tarixində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi barədə prezident fərman imzalayıb. 2013-cü ildə, 2014-cü ildə və 2016-cı ildə bu fərmana əlavə və dəyişikliklər edilib, "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün həcmi artırılıb.Həmçinin, dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən, reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub.
QHT-lərin dəstəyi...
K.Musəvi bildirib ki, qeyri-hökumət təşkilatları da Qarabağ müharibəsi əlillərinə gücləri çatan qədər dəstək olurlar: "Bizim xalqımız həqiqətən də qədirbilən xalqdır. Mən xalqımın sevgisindən də, diqqətindən də çox razıyam. Dövlətimiz də sağ olsun, bir qazi üçün nəzərdə tutulan hansı imtiyazlar varsa, hər birindən faydalanmışam. Düzdür, bizim insanlarda belə bir psixologiya var ki, Vətən uğrunda döyüşmüsənsə, hamı sənə borcludur. Dövlət qanunla nəzərdə tutulan imtiyazlardan da qat-qat artığını verməlidir. Qeyri-hökumət təşkilatlarının dəstək olmadığını desək yalan olar. Aralarında dəstək olanlar da var. Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə dəstək olan qeyri-hökumət təşkilatlarına, fərdi olaraq dəstək olan insanlara öz adımdan təşəkkürümü bildirirəm. Onlar ictimai dəstəyə layiq olan ilk ailələr Qarabağ müharibəsi və şəhid ailələrinin ailəsi olmalıdır.
Qeyd edək ki, Qarabağ döyüşlərinin qazisi Kamil Musəvi vətəndaş cəmiyyətinin keçirdiyi tədbirlərdə fəal iştirak edir. O, tez-tez qeyri-hökumət təşkilatlarının tədbirləri ilə yanaşı orta məktəb şagirdləri, idmançılarla görüşlərdə iştirak edir. O çıxışlarında Qarabağdakı döyüş əzmindən danışaraq gəncləri də vətənpərvərlik hissləriylə yaşamağa səsləyir. O, müxtəlif təşkilatlar tərəfindən orden və medallarla təltif olunub.
"Söhbətimizin əvvəlində dediyim məsələni tam səmimiyyətimlə vurğulamaq istəyirəm. Mən vətən üçün verilən qurbanları itki saymıram. Mən sağ ayağımı və sol gözümü vətən uğrunda qurban verməyimi itki saymıram. Bunu təsəlli üçün də demirəm, səmimi düşüncələrimdir. Biz kəşfiyyata gedəndə ölümü gözə alırdıq. Bilirdik ki, hər an düşmən gülləsinə tuş gəlib şəhid ola bilərik. Bunu bilməyimizə rəğmən qorxmadan əməliyyata davam edirdik ki, təki torpaqlarımız düşməndən azad olunsun, biz olmasaq da olar. Necə deyərlər: "Cansa can, qansa qan, səninləyik Azərbaycan,-deyə K.Musəvi vurğulayıb.
Elcan İbrahimov