İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın zamanı öldürülən iki azərbaycanlının - Ziyəddin və Hüseyn Səfərovun nəşləri “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nə təhvil verilib.

"Unikal" xəbər verir ki, hazırda mərhumların nəşi məhkəmə-tibbi ekspertizadan keçirilir.

İyunun 30-da Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi Vətənə gətirilərək yaxınlarına təhvil verilib. Meyitlər ekspertizadan keçirildikdən sonra Ağcabədidə dəfn ediləcək.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

XXX

20:11

Yekaterinburqdakı hadisələr təkcə ailəmiz deyil, bütün Azərbaycan üçün ağır oldu. Bir azdan Rusiyanın güc strukturlarının amansız işgəncələri nəticəsində həyatını itirmiş qardaşlarımın cənazələri ölkəyə gətirilir.

"Unikal" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiyada qardaşları qətlə yetirilən jurnalist Seyfəddin Hüseynli söyləyib.

"Rusiyada həyata keçirilən qurama, qeyri-obyektiv, qondarma ekspertizanın rəyi ilə bağlı həqiqətin üzə çıxarılması, haqq-ədalətin öz əksini tapması üçün ölkəmizin peşəkar həkimləri tərəfindən cənazələr yenidən yoxlanılacaq, müvafiq obyektiv rəy hazırlanacaq", - deyə o vurğulayıb.

Seyfəddin Hüseynli fikirlərini belə davam etdirib:”Bizim xalqımız da, dövlətimiz də alicənabdır. Hər zaman öz nəcibliyini qoruyub. Sözsüz ki, Azərbaycan bu məsələdə də tam qanuna uyğun şəkildə davrandı, adekvat addımlar atdı. Azərbaycan dövləti göstərdi ki, hər bir vətəndaşının, ümumilikdə bütün azərbaycanlıların hüququnu, haqqını qorumağa qadirdir, bunun üçün çalışır. Dövlətimiz Azərbaycan mənsubiyyəti olan heç bir insanın zülmə, işgəncəyə məruz qalmasına sakit baxmayacaq”.