İnsanın dəyəri, qiyməti yoxdur. Ancaq buna baxmayaraq bəzi məşhurlar öz bədənlərinin ayrı-ayrı hissələrini qiymətləndirmək qərarına gələrək, bu qiymətlər əsasında sevimli əzalarını sığortalayıblar. Qiymətlər ağılasığmaz, fantastik və əlcatmazdır.

Xatırladaq ki, ilk dəfə olaraq bədən üzvlərinin sığortalanması 1920-ci ildə qeydə alınıb. Amerikalı komik aktyor, səssiz filmlərdə çəkilən Ben Turpin öz gözlərini 25 min dollara sığortalayıb. Bu da təsadüfi deyil. Çünki aktyoru məhşurlaşdıran məhz onun çəp gözləri olub.

Unikal.org modern.az-a istinadən  məşhurların sığorta qiymətləri haqqında yazını təqdim edir.

Bir çox titulları ilə, aktrisa, rejissor, bəstəkar, rəqqasə, modelyer, yazıçı kimi məşhurlaşan, "Pop Kraliçası ləqəbli Amerika müğənnisi Madonna öz sinəsini 12 milyon dollara sığortalamaq istəsə də, sığorta şirkətinin ekspertləri məşhur müğənninin sinəsini 2 milyon dollar məbləğində qiymətləndirərək sığortalayıblar.

Dünyanın ən uğurlu modellərindən biri sayılan, 500-ə yaxın jurnalın üz qabığını bəzəyən, məşhur alman modeli və aktrisası Klaudia Şiffer üzünü 5 milyon dollara sığortalayıb. Çox yəqin ki, bu alman gözəli müqavilə bağladığı sığorta şirkətinə güzəştə gedib. Çünki Forbes jurnalına görə, Şifferin dəyəri təxminən 55 milyon dollara yaxındır.

Məşhur kino ulduzu və pop müğənnisi Cennifer Lopes sığortalanmaq məsələsində bütün rekordları sındırıb. O bütövlükdə öz bədənini 1 milyard dollara sığortalayıb. Onun baldırları 400 min dollara, baldırlarından bir az yuxarı "arxa hissəsi isə 300 min dollara sığortalanıb. Cennifer Lopesin ehtiyatsız bir oturuşu müqavilə bağladığı sığorta şirkətində hansı qorxu və təşviş yaratdığını təsəvvür etmək çətin deyil. Təbii ki, bunu şirkət üçün böyük təhlükə hesab etmək olar.

Avstraliyalı müğənni Kayli Minouq da sığortalanmaq məsələsində Cennifer Lopesin ənənəsini davam etdirib. Müğənni "beşinci nöqtə sayılan arxa hissəsini 5 milyon dollara sığortalayıb.

Məşhur müğənni və aktrisa Rihanna da öz əzalarına laqeyd yanaşmayıb. Rihanna ayaqlarını 1 milyon dollara sığortalayıb.

Amerikalı aktrisa Culiya Roberts öz gülüşünü elə bir qiymətə sığortalayıb ki, təəccüb doğuran bu qiymət insanın gülüşlərini dondura bilər. Nə az, nə çox, aktrisanın gülüşü 30 milyon dollara sığortalanıb.

Bütün bunlar maraq doğuran və təəccüb yaradan faktlardır. Amma bir həqiqət də var ki, insanı Allahdan başqa heç kim sığortalaya bilməz. Odur ki, bu məbləğlərə baxıb heç də ürəyinizi sıxmayın.