Azərbaycanda qanunvericilik sahibkarlara sənaye meşələri yaratmağa imkan versə də, indiyədək heç bir sahibkar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) bu məqsədlə müraciət etməyib.
Unikal.org xəbər verir ki, bunu trend-ə ETSN-nin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov deyib.
O bildirib ki, Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edildiyindən burada sənaye məqsədli qırıntıların aparılması qadağandır.
Bu qadağanın Meşə Məcəlləsində öz əksini tapdığını nəzərə çatdıran nazirlik rəsmisi əlavə edib ki, ölkə meşələrinin 85 faizi dağlıq, 15 faizi aran zonasındadır. Dağlıq ərazilərdə olan meşələrin də 70 faizini dikliyi 30 dərəcədən yuxarı olan meşələr təşkil edir:
"Belə ərazilərdə də ümumiyyətlə, qırıntıların aparılması qadağandır. Dünyada qəbul edilən normaya görə, dikliyi 30 dərəcədən çox olan ərazilərdə qırıntı aparılmır".
S.Salmanov qeyd edib ki, Azərbaycana ağac və ağac məhsulları əsasən, Rusiya, Ukrayna və Belarusdan gətirilir. Ölkəyə xaricdən il ərzində təxminən 1 milyon-1,5 milyon kub metr ağac və ağac məhsulları idxal edilir. Daha çox şam, qara şam və küknar ağaclarından olan həmin materiallar mebel, qapı, pəncərə istehsalı, inşaat məqsədi ilə istifadə edilir.
S.Salmanov deyib ki, sahibkarlar ucuz başa gəldiyindən Rusiyadan ağacları daha çox köküstə, yəni kəsilməmiş alaraq, onları istədiyi ölçüdə kəsərək tədarük edirlər:
"Rusiya qanunvericiliyinə görə, hüquqi və fiziki şəxslər sənaye məqsədi ilə oduncağa ehtiyacı olduqda müvafiq dövlət qurumuna müraciət edirlər. Müraicət edənin istəyi əsasında ərazidə ya oduncağın həmin şəxsin özü tərəfindən kəsilməsi, ya da müvafiq meşə mühafizəsi müəssisəsi tərəfindən tədarük edilərək müraciət edənə təhvil verilməsi təklif edilir. Tədarük edildikdən sonra ərazi təhvil götürülür. Bütün kötüklər tam çıxarılır və ərazi həmin meşə mühafizəsi idarəsinə təhvil verilir. Bundan sonra isə onlar həmin ərazidə yeni meşə təsərrüfatı salmağa başlayırlar".
S.Salmanov əlavə edib ki, sənaye meşələrinin yaradılması Azərbaycanda da sahibkarlar üçün maraqlı ola bilər.
Onun sözlərinə görə, sahibkarlar açıq sahə götürərək orada meşə sala bilərlər. Öz torpağı olanlar isə burada torpağın imkanlarına uyğun meşə sala bilərlər.
S.Salmanov ETSN-nin bu məsələ ilə bağlı sahibkarlara tövsiyə verməyə hazır olduğunu da söyləyib:
"Sahibkarlar 10-20 hektar sahə götürüb orada meşə sala, sonra da ondan istifadə edə bilərlər. Sahibkarlar qovaq əksələr, 7-8 ildən sonra sənaye məqsədi ilə onun materiallarından istifadə bilərlər".
S.Salmanov qeyd edib ki, Azərbaycanın iqlimi sahibkarlara hər növ ağaclardan ibarət meşə salmağa imkan verir.
O, Azərbaycanda sahibkarlar üçün sənaye meşələrinin salınmasına mane olan səbəbləri də açıqlayıb.
Nazirlik rəsmisinin sözlərinə görə, buna mane olan ilk səbəb meşə fondu ərazilərinin çox məhdud, meşə fondunun açıq sahələrinin çox az olmasıdır:
"Azəbaycanda meşə fondu ərazilərində açıq sahələr çox azdır. Ona görə orada belə meşələrin salınması mümkün deyil. Amma bələdiyyələrin açıq torpaq sahələri varsa, bunu niyə etmirlər ki? Bələdiyyə mülkiyyətində, ehtiyat fondda kifayət qədər açıq sahələr var. Meşə fondu əraziləri isə məhduddur. Respublikanın 11 faizi təxminən meşə fondu torpaqlarıdır. Sahibkarlara da lazımdır ki, 100-200 hektarda meşə salsınlar və bundan davamlı olaraq, 50-60 il istifadə etsinlər".
S.Salmanov qeyd edib ki, sənaye meşələrinin salınmasında ən çətin mərhələ ilk 10-15 il sayıla bilər:
"10-15 ildən sonra artıq ağaclar böyüyür və təsərrüfat hazır olur. Sahibkar istənilən vaxt lazım olan tələbatını ödəyə bilər. Qovaq, akasiya tez böyüyən ağaclardır. Akasiya 15 ildən sonra mütləq kəsilməlidir. Bir ağacdan 4 dəfə istifadə etmək olar. Qovaq da 20-25 yaşında mütləq kəsilməlidir. O, təkrar böyüdükdə oduncağı daha da yaxşı olur. Beləliklə, bir ağacı 4 dəfə kəsmək olar".