Artıq bir neçə gündür, yeni il ərəfəsi olduğu üçün Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən paytaxtda əhalinin sıx olduğu yerlərdə, əsasən də metro çıxışlarında əhalinin kasıb təbəqəsini ucuz məhsullarla təmin etmək üçün çadırlar qurulub. Yarmarkalar, yolka, onun aksesuarları, xırda oyuncaqlar, işıq effektləri və s. bu kimi malların satışı üçün nəzərdə tutulub. Amma bəzi yarmarka çadırlarında isə limon, balıq və digər kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olunur.

"Bakı metropoliteninin "Koroğlu stansiyasından istifadə edən bəzi sərnişinlər Unikal.org-a bununla bağlı şikayət ediblər. Şikayətdə vurğulanır ki, stansiyanın çıxışında qurulan yarmarkalar, yolka, onun aksesuarları, xırda oyuncaqlar, işıq effektləri və s. bu kimi malların satışı üçün nəzərdə tutulsa da, amma burada ərzaq məhsullarına rast gəlinir. Belə ki, yarmarkada yeni il aksesuarlarından başqa bütün növ kənd təsərrüfatı məhsulları satılır. Burada göy-göyərti, meyvə, quş, toyuq və xüsusən balıq satılır. Balıq metronun çıxışında təmizlənir və bunun üçün istifadə olunan sudan qalxan qoxu "Koroğlu stansiyasının içərisinə yayılır. Bu da biz sərnişinlərin rahat gedib-gəlişinə maneə törədir. Balıq qoxusuna görə, adam stansiyaya daxil olmaq istəmir.

Məsələ ilə bağlı "Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Unikal.org-a faktı təsdiqləyib. O bildirib ki, həqiqətən də "Koroğlu stansiyasının qarşısında qurulan yarmarkada tərəvəz məhsulları satılır: "Balığın suyu stansiyanın qarşısına axıdılır. Və bundan gələn qoxu içəriyə hopur. Nə qədər təmizlik işi aparılsa da, bu iyi stansiyanın daxilindən çıxarmaq olmur. Artıq bununla bağlı müvafiq quruma müraciət etmişik. Onlar da sözügedən yarmarkanın stansiyanın ərazisindən götürəcəyini deyiblər.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Unikal.org-a bildirib ki, məsələdən xəbərdar olduqlarını bildiriblər:

"Bu gün axşama kimi həmin ərazi tam boşaldılacaq. Yarmarkalar yeni açılıb. Nəzarət zəif olduğundan bu hadisə baş verib. Sözügedən əraziyə yolka satanların yerinə, kənd məhsulları satanlar girib. Ən geci sabah səhərə kimi, həmin ərazi tam boşaldılacaq.

Amid Əyyuboğlu