Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi ilə bağlı AGF-dəki vəzifəsindən istefa verib.

Unikal.org federasiyaya istinadən xəbər verir ki, yeni vəzifə ilə əlaqədar olaraq, AGF və UEG arasında maraqların toqquşmaması baxımından F.Qayıbov AGF-nin İcra Komitəsinə Baş katib vəzifəsindən azad olunması ilə bağlı müraciət edib.

Yaxın günlərdə keçirilməsi nəzərdə tutulmuş AGF-nin İcra Komitəsinin iclasında federasiyanın yeni Baş katibinin adı açıqlanacaq. Həmin günə qədər isə bu vəzifəni F. Qayıbov özü icra edəcək.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib. Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.

Xatırladaq ki, F. Qayıbov 2013-cü ildə UEG-yə vitse-prezident seçilib və son 4 il ərzində həmin vəzifəni icra edib. Növbəti 4 il ərzində isə o, fəaliyyətinə 8 gimnastika növü daxil olan bu quruma rəhbərlik edəcək və avtomatik olaraq Beynəlxalq Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü olacaq.