İkiqat paralimpiya, 2 dəfə dünya, 6 dəfə Avropa çempionu cüdoçu İlham Zəkiyev haqqında çəkilən "Döyüşçü filmi Kann Qızıl Mükafatına layiq görülüb.
Unikal.org xəbər verir ki, "Döyüşçü adlanan video Rio 2016 Oyunları ərəfəsində BP-nin Beynəlxalq Paralimpiya Komitəsinə dəstək məqsədilə keçirdiyi "Daxildən Gələn Enerji kampaniyası üçün hazırlanan 8 filmdən biridir. Bu vaxtadək "Döyüşçüyə bütün dünyada 18 milyon insan baxıb və film üç nüfuzlu beynəlxalq mükafatını qazanıb.
"CannesCorporate Media & TV Awards 2016 müsabiqəsində "Kann 2016 Qızıl Mükafat Qalibi (Marketinq Kommunikasiyası B2C kateqoriyasında) və "Kann mükafatı (Xeyriyyə, Qeyri-kommersiya, Korporativ Sosial Məsuliyyət kateqoriyasında) qazanılıb.
Üçüncü mükafat isə "EVCOM ClarionAwards 2016 müsabiqəsində əldə edilib. Burada "Döyüşçü filmi Sosial filmlər kateqoriyasında yüksək mükafata layiq görülüb. "EVCOM ClarionAwards mükafatları korporativ sosial məsuliyyət və davamlı inkişaf, o cümlədən ətraf mühit, müxtəliflik, bərabərlik, icma, xeyriyyə təşəbbüsləri, təhsil, etika, sağlamlıq və rifah sahələrindəki fəaliyyətlərin təltif edildiyi aparıcı tədbir və film mükafatlarıdır.
Bildirək ki, film idmançı haqqında məlumat ilə başlayır: "İlham Zəkiyev ikiqat paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionudur. O, 18 yaşından qaranlıqdadır - Qarabağ müharibəsində bir güllə onun gözlərinin işığını alandan bəri. Amma daxilindəki işığın enerjisi ilə o, əfsanəvi "Döyüşçüyə çevrilə bilib".
Xatırladaq ki, BP London 2012 Oyunlarından başlayaraq İlham Zəkiyevə sponsorluq edir. Əfsanəvi cüdoçu BP-nin idmançı səfiridir və şirkət də onun haqqında qısa video çarx hazırlayıb.