175 nömrəli marşrut xətti üzrə "BakuBus avtobusları fəaliyyətə başlayıb.
Unikal.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib. O bildirib ki, 175 nömrəli müntəzəm marşrut xətti üzrə "BakuBus" MMC-yə aid avtobuslar səhər saatlarından sərnişinlərimizə xidmətə başlayıb.
Qeyd edək ki, yanvarın 6-da saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində Zığ şosesində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən "Daewoo markalı, "99 XM 581 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu idarəetməni itirərək yoldan kənara çıxıb dərəyə aşıb. Qəza nəticəsində 20 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 175 nömrəli marşrut xətti üzrə daşıyıcının ciddi nöqsanlara yol verməsi səbəbindən Bakı Nəqliyyat Agentliyi müvəqqəti istismara dair müqaviləyə xitam verib. Marşrut xətti "BakuBus MMC-yə həvalə olunub.