"Aydın Mirzəzadə: "Prezidentin Cocuq Mərcanlı ilə bağlı verdiyi sərəncamlar buna bir örnəkdir.
"Bu il yeni köçkün şəhərcikləri, qəsəbələri salınacaq. Yeni mənzillərlə təmin ediləcək köçkünlərin sayı keçən illə müqayisədə təxminən iki dəfə artacaq. Əgər 2017-ci ildə 12 min insanı biz yeni mənzillərə, evlərə köçürmüşüksə, bu il ən azı 20 min köçkün yeni evlərə, mənzillərə köçürülməlidir. Bu rəqəm çox da ola bilər. Prezident İlham Əliyev bu sözləri Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib. Bu həqiqətlər göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarının qayğısına hərtərəfli qalır, xüsusilə məcburi köçkünlərin çəkdikləri səfalətlərin aradan qaldırılması üçün əldə olan bütün imkanlardan səmərəli istifadə edir. Təsadüfi deyil ki, son 14 ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Həmin müddətdə qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onlarla fərman və sərəncam imzalanıb, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı, həmin Proqrama iki Əlavə təsdiq edilib.Sözügedən proqramın uğurla həyata keçirilməsi nəticəsində, məcburi köçkün ailələrinin əksər problemləri öz həllini tapıb. Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, dövlətin həyata keçirdiyi tədbirlər ilk növbədə yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın başlıca problemi olan mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib. Dövlət başçısının məcburi köçkün ailələri ilə keçirdiyi görüşlərin birində vurğuladığı kimi, hazırda ölkədə bütün çadır şəhərcikləri ləğv olunub.
Prezidentin sərəncamı ilə təsdiqlənən sənədlərə görə, Abşeron rayonunun Masazır qəsəbəsində ayrılmış torpaq sahəsində Bakı Dövlət Universitetinin 2 yataqxanasında müvəqqəti məskunlaşmış 800 nəfərdən ibarət 210 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli yaşayış binaları tikilmiş və həmin ailələr bu binalara köçürülüb. Naftalan şəhərindəki "Goran, "Şirvan, "Azərbaycan, "Mil sanatoriyalarında müvəqqəti məskunlaşan 2620 nəfərdən ibarət 524 məcburi köçkün ailəsi üçün isə Goranboy rayonu ərazisində ayrılmış torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi başa çatdırılıb.Bu illər ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Dövlət Proqramına uyğun olaraq yüzlərlə məcburi köçkün ailəsinin məskunlaşdığı yataqxanaların təmirini həyata keçirib, məcburi köçkünlərin məskunlaşdığı yerlərə yollar, su, işıq xətləri çəkmiş, yeni məktəblər, uşaq bağçaları tikilmiş və digər işlər görülmüşdür.2017-ci ildə də bu istiqamətdə işlər uğurla davam etdirilib, 2300 ailə yeni evlərə, rahat mənzillərə köçürülüb. Cocuq Mərcanlı kəndinin bərpası ərazi bütövlüyü uğrunda mübarizə tarixində yeni səhifə açıb. Kəndin ərazisində təzə salınmış 150 evlik gözəl qəsəbədə həyat yenidən qaynayır. Əhali dədə-baba yurduna qayıdır. Prezident İlham Əliyev bu tarixi hadisəni belə qiymətləndirib: "Azərbaycan dövləti Cocuq Mərcanlının timsalında bir daha göstərib ki, heç vaxt işğalla barışmayacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və bütün köçkünlər bir arzu ilə yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına qayıtsınlar. Cocuq Mərcanlının qısa müddət ərzində bərpası, yenidən qurulması onu göstərir ki, işğaldan azad ediləcək bütün ərazilərdə biz qısa müddət ərzində bütün təmir-bərpa işlərini aparacağıq, şəhərləri, kəndləri yenidən quracağıq və bu gün ağır vəziyyətdə, dağılmış vəziyyətdə olan şəhər və kəndlərimizə tezliklə həyat qayıdacaq.
Şıxarx qəsəbəsində salınmış 1170 ailəlik yeni şəhərciyin də mənəvi dəyəri çox yüksəkdir. Çünki, bu qəsəbələr Qarabağın düşməndən geri alınması inamının qəti və sərt reallığıdır.
Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrincə, Cocuq Mərcanlı kəndinin bərpası və bu hadisənin əhali arasında böyük ruh yüksəkliyinə səbəb olması bir daha göstərir ki, Azərbaycan dövləti torpaqları azad etmək əzmində və gücündədir: "Prinsipcə, Cocuq Mərcanlı adı işğaldan azad olunacaq torpaqlarımıza qayıdış üçün bir simvol oldu. Bu gün bir yaşayış məntəqəsinin bərpası ilə bağlı cənab Prezidentin verdiyi sərəncam eyni zamanda Azərbaycan dövlətinin Dağlıq Qarabağ məsələsində qətiyyətini və əhalisinə təhlükəsiz, firavan həyat tərzinin təmin edilməsi istiqamətində niyyətini göstərir. Maraqlıdır ki, cəmisi 50 evin bərpası ilə bağlı sərəncam verilsə də, artıq işlərin ikinci mərhələsi başlayıb. Yəqin ki, bu say yaxın günlərdə daha çox artacaq. İnanıram ki, cənab Prezident bunu nəzəri alaraq həmin qəsəbənin daha da böyüdülməsilə bağlı növbəti sərəncamlar verəcək. İşğaldan azad olmuş, yaxud da təbii fəlakət bürümüş zonalara əhalinin köçməsi həmişə dövlətlər üçün böyük problemlər yaradır. Bu da ilk növbədə maliyyə və digər resursların yoxluğu ilə bağlıdır. Azərbaycan dövləti isə özünün maliyyə resurslarını toplamaqla belə bir vəziyyətdə də vətəndaşı üçün gözəl şərait yaradır. Həmin ərazi hazırda minalardan təmizlənib, kommunikasiya, yol, elektrik, işıq, su, qaz kəmərləri çəkilib, məktəb tikilib. Gələcəkdə digər sosial obyektlər də tikiləcək. Həmçinin hər bir ailəyə torpaq sahəsi ayırmaqla onlar üçün iş yerləri də yaradılır. Bir kəndin timsalında bütün Azərbaycan dövlətçiliyinin mahiyyəti ortaya çıxır. 50 ailənin Cocuq Mərcanlıya köçməsi bu qədər ailənin işlə təminatı deməkdir. Onlar kənd təsərrüfatı fəaliyyətilə məşğul olaraq sabah bazara müxtəlif aqrar sahə məhsulları çıxaracaq və belədə bolluq yaradacaqlar. Sərəncam qaçqınlar tərəfindən böyük təqdirlə qarşılanıb. Elə ikinci sərəncam imzalanandan bəri xəbər Azərbaycan ziyalıları arasında geniş müzakirə edilib və hər bir kəs onu dəstəkləyir. Eyni zamanda, bu proses Ermənistan və onu dəstəkləyən bəzi beynəlxalq dairələrə ciddi bir mesajdır ki, Azərbaycan torpaqlarını qaytarmaq əzmindədir. Azərbaycan öz torpaqlarına qayıdacaq. Azərbaycan öz vətəndaşının hüquqlarını hər yerdə və həmişə qoruyacaq.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni mənzillərlə təmin olunması istiqamətində son illərdə əhəmiyyətli tədbirlər görülüb: "2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İndiyədək 50 mindən çox ailənin və ya 250 mindən çox qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 6,6 milyard manat vəsait xərclənib. Sahibkarlığın inkişafı məqsədilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib. Bu mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatı layihələrinə yönəldilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 14 ildə 75 faizdən 12 faizədək azalıb. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva da məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərir. Belə ki, bu ilin mayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən "Ümid Yaşayış Kompleksinin təməli qoyulub. Abşeron rayonunun Masazır, Mehdiabad, o cümlədən Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. 1170 məcburi köçkün ailəsi üçün Tərtər rayonunda inşa olunan dördmərtəbəli 34 yaşayış binasının tikintisi də başa çatdırılıb.
Mələk Eyvazlı