Samir Əli Hüseyn oğlu Axundov Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində "Enerji Məsələlərini Tənzimləmə Agentliyi publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib.
Nazirlikdən Unikal.org-a verilən məlumata görə, energetika naziri Pərviz Şahbazov 30 yanvar 2018-ci il tarixində bu təyinat barədə əmr imzalayıb.
Samir Axundov 1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. 1993-1998-ci illərdə "İnformatika elmi-istehsalat birliyində mühəndis və "Simko Ticarət və Sənaye ASC-nin Energetika departamentində çalışıb. 1998-2018-ci illərdə "Siemens AG"-nin Azərbaycan nümayəndəliyinin enerji istehsalı və ötürülməsi departamentinin, daha sonra Nümayəndəliyin, "Siemens AG" Avstriyanın Azərbaycandakı Nümayəndəliyinin, "Siemens AG" Almaniyanın Azərbaycandakı filialının rəhbəri olub. "Alman- Azərbaycan Biznes Assosiasiyasının sədri, "Alman-Azərbaycan Ticarət Palatasının İdarə Heyətinin sədri kimi də fəaliyyət göstərib. Samir Axundov energetika üzrə fəlsəfə doktorudur.
Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə yaradılıb.