Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovun 95 illik yubileyi ilə əlaqədar dövlət başçısının Sərəncamı ilə təltif edildiyi "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomunun fevralın 1-də yubilyara təqdim olunması mərasimi keçirilib.
Unikal.org Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Respublika Veteranlar Təşkilatının rəhbərliyi, veteranlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əli Həsənov fəxri diplomu Tofiq Ağahüseynova təqdim edib.
Mərasimdə çıxış edən Ə. Həsənov Tofiq Ağahüseynovun Azərbaycanda ordu quruculuğu və Silahlı Qüvvələrimizin inkişafındakı xidmətlərindən danışıb. Prezidentin köməkçisi general-polkovnikin respublikamızda veteran hərəkətinin inkişafına, veteranların hüquq və mənafelərinin təminatına, onların sosial müdafiəsinə mühüm töhfələrini qeyd edib.