Yaz-yay mövsümünün başlaması ilə əlaqədar olaraq, hər kəs, böyükdən kiçiyə sərinlənmək, ağız dadını dəyişmək üçün dondurma almağa tələsir. Dondurmanın tərkibində protein, karbohidrat, yağ kimi maddələrlə birlikdə A, D, E, C, və B qrupu vitaminlər, həmçinin maqnezium, fosfor, sodium, potasium, dəmir və sink kimi minerallar olduğu üçün orqanizmə xeyri böyükdür.
Bu gün ticarət şəbəkələrində, dükan-bazarlarda, restoranlarda müştərilərə geniş çeşiddə həm ölkədə, həm də xaricdə istehsal olunan dondurmalar təklif edilir. Hazırda mağazalarda qiyməti 30 qəpikdən tutmuş 50 manatadək olan müxtəlif çeşiddə dondurma satılır. Dondurmaların qiyməti ilə yanaşı onların keyfiyyəti də maraqlıdır.
Hazırda ölkə bazarına çıxarılan dondurmalar doğrudanmı keyfiyyətli, yüksək gigiyenik şəraitdə, müasir texnologiya əsasında istehsal edilib? Neçə illərdir tənqid hədəfinə çevrilən dondurma istehsalı müəssisələrində vəziyyət dəyişibmi? Ölkə bazarında satışa çıxarılan dondurmaların keyfiyyətinə təminat verilirmi?
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma şöbəsinin müdiri İmran Abdullayev bildirdi ki, daha onlar dondurmaların keyfiyyətinə nəzarət və yoxlama funksiyasını həayata keçirə bilmir: "01 noyabr 2015-ci il tarixindən qüvvəyə minən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna əsasən ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb.
İstehlakçı hər hansı bir neqativ halla rastlaşarsa, bizə müraciət edə bilər. Həmin qanununun 1-ci maddəsinə əsasən təhlükəsizlik qaydalarına və sanitar-gigiyenik qaydalara riayət edilməsinin yoxlanılması Səhiyyə Nazirliyi tərəfindən aparıla bilər. Amma bunun üçün İqtisadiyyat Nazirliyinin razılığı lazımdır. Onu da bildirim ki, dondurma mövsümü yeni başladığından hələlik bununla bağlı şikayət daxil olmayıb".
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, istehlakçı dondurmanı alan zaman birinci onun etiketinə baxsın və onun içindəki yazıları oxusun: "Sonra məhsulun buraxılma və saxlanma müddətinə fikir versin. Yaxşı olar ki, məhsulun yararlılıq müddəti yarıdan çox keçməsin.
Məhsulun üzərində telefon nömrəsi varsa, zəng edib dəqiqləşdirmə aparsın, bəlkə nömrə anonimdir. Onu da bildirim ki, Azərbaycanda 20-dən çox dondurma istehsalçısı var. Üstəlik, xaricdən də ölkəyə dondurma idxal olunur.
Dondurmanın vizual görünüşü dəyişibsə, bu o deməkdir ki, saxlanma temperaturundan artıq dərəcədə saxlanıldığı üçün əriyib və sonradan dondurulub. Belə dondurma çirklənmiş dondurma hesab olunur və mədə-bağırsaq xəstəliklərini əmələ gətirə bilər. Qablaşdırılması əyri olub, sonradan düzəldilən dondurmaların qəbulu da risklidir. Əslində dondurma satış şəbəkəsində 20 gündən çox olmamalıdır. Yalnız anbarlarda iki ay saxlanıla bilər.
Dondurmanı çox yemək məsləhət görülmür. Yaxşı olardı ki, bir gündə 200 qramdan artıq dondurma qəbul edilməsin. Bir oturmaya çox yeyilərsə, bədən tempratur aşağı düşə və xəstəliklərə düçar ola bilər".
Ekspert qidanın təhlükəsizliyinə nəzarət edən dövlət qurumlarının fəaliyyətini müsbət dəyərləndirmədi: "Çox təəssüf ki, ölkədə "Qida təhülkəsizliyi haqqında" qanun yoxdu. Qanun olmayan yerdə mütləq cinayət baş verir. Qidaların təhlükəsizliyinə nəzarət edən dövlət qurumları son 4 ayda passiv mövqe tutublar. Gözləyirəm ki, qarşıdan gələn yay aylarında qidadan zərhərlənmələrin sayı əvvəlki illərə nisbətən çoxalacaq. Biznes qurumları dövlət başçısı səviyyəsində onlara yaradılan şəraitdən sui-istifadə edərək istehlakçıları aldadan mal və məhsul istehsal edirlər. Bəzən də malları sertifkatlaşdırmırlar. Bizim əlimizdə siyahı var ki, burada 800 mal və xidmət sertifkatlaşdırmadan ölkənin əmtəə bazarında satılır".
E.Hüseynov bildirir ki, dondurma süd məhsuldur və Azərbaycan qanunvericiliyinə görə, onun tərkibində yağlılığı artırmaq üçün bitki yağlarından istifadə qadağandır: "Dondurmanın tərkibinə yalnız kərə yağı əlavə edilə bilər. Keyfiyyətli dondurmanın dilin üstünə qoyanda təzə qaymaq dadını verməlidir. Dondurma boğazda acılıq verirsə, bu o deməkdir ki, onun tərkibində kərə yağı əvəzinə bitki yağı var, ya da quru süddən hazırlanıb. Yaxud da dondurmanın saxlanma müddəti-vaxtı keçib".
Terapevt Nuranə Məhərrəmova bildirdi ki, dondurmanın qəbulu zamanı bir sıra şərtlərə əməl etmək lazımdır: "Mədə xorası və mədə reflyuks xəstəliyi olan şəxslərin dondurmanı soyuq şəkildə qəbul etməsi arzuolunmazdır. Çünki bu halda mədədə turşuluq artıq və bu da onların qastro-ezofageal reflyuks xəstəliyindən əziyyət çəkməsinə səbəb olur".