Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Vahid Əhmədov və Əli Məsimli banklar tərəfindən əhaliyə xarici valyutada verilmiş kreditlərlə bağlı yaranmış problemin həll olunması məqsədilə hazırladıqları təklifləri aidiyyatı orqanlara göndərib.

Unikal.org xəbər verir ki, bu haqda Modern.az saytına deputat Vahid Əhmədov məlumat verib. O, təkliflər paketinin Milli Məclisə, hökumətə, Prezidentin islahatlar üzrə köməkçisinə təqdim olunduğunu deyib.

İqtisadçı-deputat eyni zamanda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən xarici valyuta ilə kredit verilməsinə qoyulan 1 aylıq məhdudiyyətin aradan qaldırılmasına da münasibət bildirib. V.Əhmədov təklifdə də qeyd olunduğu kimi, bir müddət sonra məhdudiyyətin qadağa ilə əvəzlənməsinin tərəfdarı olduğunu vurğulayıb:

"Şəxsən mən dollarla kredit verilməsinin tərəfdarı deyiləm. Çünki, məhz dollarla verilən kreditlərin meydana gətirdiyi problemləri aradan qaldıra bilmirik. Konstitusiyaya görə, ödəniş vasitəsi manatdır. Verdiyimiz təkliflərdə "Banklar haqqında" Qanunda dəyişiklik edilməsi nəzərdə tutulub. Biz istəyirik ki, Azərbaycanda dollarla kredit verilməsi ümumiyyətlə, qadağan olunsun.

Devalvasiyadan sonra dollarla verilən kreditlərin ödənilməsində çox böyük problemlər yaranıb, hansı ki, heç kim həll etmək istəmir. Banklarda olan əmanətlərin təxminən 80 faizindən çoxu dollarladır. Dollar yığılıb qalıb və bunu xərcləmək lazımdır. Müəyyən müddət üçün kreditlərin dollarla verilməsi başadüşüləndir. Amma gələcək üçün kreditlərin dollarla verilməsi qadağan olunmalıdır və ümid edirik ki, qadağan olunacaq. Maliyyə Bazarlarına Nəzarət Palatası bir halda dollarla kredit verilməsinə icazə verib ki, həmin kreditlər istehlak kreditləri yox, real sektora verilən böyük məbləğli kreditlər olsun. Dollarizasiya getdiyindən hələlik xarici valyutada kredit veriləcək, amma gələcək üçün məsələyə mütləq baxılacaq".  

Deputat Əli Məsimli də təkliflər barədə bəzi məqamlara aydınlıq gətirib.

O qeyd edib ki, hazırda xarici valyutada olan kreditlərlə bağlı problemin bütün ağırlığı əhalinin və borca düşən biznes strukturlarının üzərindədir.

"Bunu problemin həll yolu hesab etmək olmaz. Belə hal "əhali-bank-biznes strukturları" zəncirinin bütün həlqələrində iflic vəziyyəti yaradır. Bəzi dövlət qurumları hesab edir ki, bu məsələ banklarla əhali arasında yaranan problemdir"... Banklar uzun müddət yüksək faiz tətbiq edib, əlavə olaraq bundan yaxşı pul qazanıb, ona görə də əhalinin dollar kreditləri ilə bağlı problemini öz hesablarına qarşılamalıdırlar.

 Banklar da gözləyir ki, dollarla kredit sahəsində yaranmış problemin maliyyə tərəfini dövlət örtəcək. Hesab edirik ki, bu yanaşmaların hər ikisində həqiqət payı var, amma eyni zamanda həm də hər ikisi yarımçıq xarakter daşıyır. Ona görə də biz hesab edirik ki, bu məsələ sistem xarakterli olduğundan, ona bir tərəfli yox, sistemli yanaşmaq lazımdır. Bu məqsədlə biz risklərin "dördbucaq sistemi" üzrə "dövlət - Mərkəzi Bank -kommersiya bankları - əhali" arasında ədalətlə bölüşdürülməsi variantından istifadə etmişik. 

2.Bizim təkliflərdə xarici valyutada verilmiş kreditlərlərin maliyyə yükünün yalnız bankların çəkəcəyi barədə təklif yoxdur.

Bunu yazanlar ya bilərəkdən, ya da bilməyərəkdən bizim təkliflərin mahiyyətini təhrif edir. Biz xarici valyutada verilmiş kreditlərlərin maliyyə yükünün yalnız əhalinin üzərinə atılmasının əleyhinəyik.

Bu sahədə yaranmış kritik vəziyyəti aradan qaldırmaqdan ötrü, dollarla kredit borcu olan vətəndaş qruplarının hər birinə müvafiq həll üsulu tətbiq olunması və bu işin maliyyə tərəfinin bir qurumun üstünə atılmaması, vəziyyətdən çıxışın optimal variantı kimi devalvasiyadan doğan həmin ağırlığın "dördbucaq sistemi" üzrə "dövlət - Mərkəzi Bank -kommersiya bankları - əhali" arasında ədalətlə bölüşdürülməsi variantından istifadə edilməsi variantını irəli sürmüşük".

Ə.Məsimlinin sözlərinə görə, təkliflərin hər birində də 1000(min) manata qədər olan kreditlərin ucdantutma bağışlanmasından yox, monitorinqlər nəticəsində onun qaytarılmasına ümid olmayan hissəsinin (məsələn, kredit alan şəxs vəfat edibsə və həmin kreditə zamin duran şəxslərin obyektiv surətdə onu qaytarmaq imkanı yoxdursa, belə ümidsiz kreditlərin bağlanmasından söhbət gedir) bağlanmasının maliyyə təminatını bankların mənfəəti hesabına həyat keçirilməsini təklif ediblər:

"Kredit borcu 5000 (beş min) dollara qədər olan vətəndaşlara ciddi güzəştlərin edilməsi və həmin səviyyədə olan borcların 21 fevral devalvasiyası zamanı formalaşan məzənnə ilə, yəni 1,05 manat nisbətində ödənilməsi əsasdır.

Bunun üçün zəruri olan təqribən 250 milyon dolların maliyyə yükünün bir hissəsini əhali, bir hissəsini banklar, digər hissəsini isə dövlət çəkməlidir. Çünki dövlət dəstəyi olmadan bu problemin etibarlı həlli mümkünsüzdü.

Əhalinin məişət əşyaları (mebel,soyuducu, paltaryuyan maşın və sair) almaqdan ötrü aldıqları istehlak kreditlərinin, eləcə də ipoteka kreditlərinin dollarla hesablanması məsələsinə xüsusi yanaşmanın tətbiq edilməsini, borcun manat dollar nisbətində 1,05 məzənnəsi ilə ödənilməsini, faizlərin əsaslı surətdə aşağı salınmasını, müqavilə müddəti uzadılanda faizlərin dondurulmasını və s.təklif edirik.

Həmçinin fürsətdən və əhalinin iqtisadi biliklərinin azlığından istifadə edənlər də başqa bir problemdir.

Banklar tərəfindən borclulara da sadaladığımız variantlarda müvafiq güzəştlərin edilməsi təklifini irəli sürmüşük. 

İri məbləğli borclara münasibətlərdə manatın dollara olan 21 fevral və ya 21 dekabr məzənnələri arasındakı məqbul göstəricini (məsələn, 1,20-1,30 manat intervalında) əsas kimi götürüb, "dondurmaqla" borcların qaytarılmasına möhlət verilməsi, borcun faiz dərəcələrinin aşağı salınması, manata çevrilməsi və sair bu kimi üsullardan istifadə edilməsini zəruri hesab edirik.

Burada da yenə ödənişin bütövlükdə bankların üzərinə atılmasından yox, "dördbucaq sistemindən" söhbət gedir. Amma birinci dördbucaqdakı vətəndaşı burada artıq iri kredit götürmüş biznesmen əvəz edir".

İqtisadçı-deputat qeyd edib ki, vergi güzəştləri, birbaşa maliyyə yardımı daxil olmaqla dövlətin banklara dəstək proqramının da həyata keçirməsini zəruri hesab edirlər. 

"Yalnız bu cür kompleks yanaşma və maraqların konfliktindən maraqların uzlaşdırılmasına aparan yolla bu məsələni yumşaltmaq olar.  Dollarla kredit borcları olanlara güzəştlərin edilməsi məsələsi nə qədər tez həll olunsa, bu həm dövlət, həm banklar, həm də əhali üçün faydalı olar, narazılıq azalar, bankların işi yaxşılaşar və əhalinin banklara inamı artar və bu da iqtisadiyyata güclü təkan verər.

Dollarla krediti olanların probleminin optimal həlli bir sıra digər problemlərin də həllini yumşaldar. Ona görə də məsələnin həlli sürətləndirilməsi həm dövlət, həm banklar, həm də əhali üçün sərfəlidir".

Qeyd edək ki, aprelin 5-də MBNP Direktorlar Şurasında keçirilən iclasında Azərbaycanda xarici valyuta ilə kreditlərin verilməsinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul edib.

Bildirilib ki, xarici valyutada verilən istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində tənzimləyici çərçivələrin müəyyən edilməsinə dair qərar qəbul edilib.

Həmçinin qeyd olunub ki, Palata bu müddətin uzadılması hüququnu öz üzərində saxlayır.