Bakının Dənizkənarı Milli Park ərazisində Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) təklifi ilə yeni avarçəkmə bazası tikilə bilər.

Unikal.org-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, artıq bununla bağlı müvafiq qurumlara təklif də verilib.

Məsələ ilə bağlı federasiyanın texniki direktoru Leyla Əliyeva xəbəri dolayısı yolla saytımıza təsdiqləyib:

"Bizim Dövlət Bayraq Meydanı tərəfdə bazamız var idi. Bu Bayraq Meydanı və təzə bulvar tikiləndə bizim bazamız da söküldü. Ondan sonra bizə Bakıda baza üçün yer verilməyib. İndi bizim Bakıda yeni baza tikmək üçün danışıqlar gedib. Amma hələ ki, nəticə yoxdur. O bazanın tikilməsi böyük vəsait tələb etdiyi üçün, buna ancaq ölkə başçısı cənab İlham Əliyev tərəfindən göstəriş verilə bilər.

Leyla Əliyeva Bakının bir sıra yerlərində Azərbaycan Milli Avarçəkmə Federasiyasının kompleksinin tikilməsi təklif edildiyini deyib:

"Əlbəttə, kompleksin tikilməsi üçün bizə yerlər təklif olunub və bununla bağlı görüşlər keçirmişik. Xaricdən də mütəxəssislər gəlmişdi. Xocahəsəndəki Böyükşor gölünün ərazisi təklif olundu. Amma orada suyun keyfiyyəti yaxşı olmadığı üçün, buna razılıq vermədik. Onu deyə bilərəm ki, hazırda bizim Bakıda bazamızın olması mütləqdir. Vaxtı ilə bulvarda  "Yaxt-klub olan zaman çox idmançımız var idi. Hətta, bəzi adamları yer olmadığı üçün götürmürdük. Çünki məşqçilər az olduğundan, onları qəbul edə bilmirdik. İndi də nə qədər valideynlər bizə müraciət edib ki, övladları avarçəkmə idman növü ilə məşğul olsunlar. Amma paytaxtda bazamız olmadığı üçün, çarəsiz qalmışıq.

Federasiya rəsmisi əlavə edib ki, Bakıda əvvəl, yəni bulvar ərazisindəki kompleksin tikilməsi daha məqsədəuyğundur: "Bilirsiniz, bulvarda kompleksin tikilməsinə necə şad olardıq... Çox istəyirik ki, həmin ərazidə olsun. Amma hələlik bu bizdən aslı olan məsələ deyil. Amma biz öz təkliflərimizi vermişik.

Aygün İlqarqızı