Azərbaycan millisi yeni turnirdə iştirak edə bilər. 

Unikal.org xəbər verir ki, UEFA yığma komandalar arasında Qlobal Beynəlxalq Liqa adı altında yarış keçirmək niyyətindədi.

Çempionlar Liqası və Avropa Liqasının formatını dəyişən, Millətlər Liqasını yaradan qitə futbol qurumu daha bir turnirin startına hazırlaşır. Qlobal Beynəlxalq Liqada təkcə Avropadan yox, dünyanın bir çox yerlərindən yığmalar qatıla biləcək. Plana əsasən, yarış 2 ildən bir keçiriləcək. Məlumatı UEFA nümayəndələri də Almaniya mətbuatına açıqlama zamanı təsdiqləyiblər.

Kiçik dünya çempionatı hesab edilən yarışın seçmə mərhələsi 2020-ci ildə baş tutacaq. İlk final mərhələsinin isə 2021-ci ildə keçirilməsi nəzərdə tutulub. Əksər mütəxəssislərin fikrincə, UEFA-nın turnirə fərqli qitələrdən komandaları cəlb etməkdə məqsədi FİFA-ya meydan oxumaqdı.

Hətta FİFA rəsmiləri də bütün Konfederasiyaların bununla bağlı UEFA ilə danışıq apardığını təsdiqləyiblər.